Xəbərlər

25 Aprel - Ümumdünya Pinqvinlər günüdür

Aprelin 25-i Ümumdünya Pinqvinlər günü kimi qeyd olunur. Belə ki məhz bu gün insanlardan planetimizin ümumi heyvan müxtəlifliyini və xüsusilə də xüsusi nümayəndələrin müxtəlifliyini qoruya bilməsi tələb olunur. 


Pinqvinlər Günündə böyüklər, əsasən də uşaqlar, bu su quşlarının həyatı və necə yaşadıqları haqqında məlumat alırlar. Xüsusi dünya təşkilatları bu quşları qorumaq üçün lazımi tədbirlər görür.


Pinqvinlər yer üzündəki ən heyrətamiz canlılardan biridir. Çünki quşlar sinfinə aid olsalar da uça bilmirlər. Pinqvinlərin təxminən 70 milyon il əvvəl dinozavrlarla eyni vaxta meydana gəldiyi güman edilir.


Pinqvinlərin bir çox növləri mövcuddur. Onların ən nəhəngi imperator pinqvinidir. Bu pinqvinlərin boyu yetkin insan boyuna, yəni təxminən 160 santimetrə  bərabərdir. Çəkiləri isə 60 kiloqrama çatır. Kral pinqvinlərinin boyu 1 metrdir. Antarktida pinqvininin boyu isə 70 santimetrdir. Xarici görünüşünə görə ən maraqlı pinqvin növü kəkilli pinqvindir. Onlar başlarındakı qeyri-adi kəkillərinə görə digərlərindən fərqlənirlər.


Pinqvinlər uça bilməsələr də yaxşı üzürlər. Onlar həmçinin qayğıkeş “valideynlərdir”. Antarktida kimi soyuq yerdə yumurtadan bala çıxarmaq asan iş deyil. Yumurtaları şaxtadan qorumaq vəzifəsi erkək pinqvinlərin üzərinə düşür. Onlar yumurtaları ayaqları arasında yerləşdirir və üstünü isə qarınları ilə örtürlər.


Pinqvinlər suyun altında 30 dəqiqə qala bilirlər. Onlar, demək olar ki, həyatlarının yarısını suda keçirirlər. Pinqvinlər çətinliklə gəzirlər. Təhlükədən uzaqlaşmaq üçün üzü üstə uzanır və qanadlarının köməyi ilə qarın üstündə sürüşürlər. Bu zaman elə sürətlə hərəkət edirlər ki, onlara çatmaq qeyri-mümkün olur. Onlar əla üzgüçülük qabiliyyəti sayəsində nəhəng okean dalğalarının öhdəsindən asanlıqla gəlirlər. Ağ-qara rəngdə olmaları isə onlara həm quruda, həm də suda yırtıcılardan gizlənməyə kömək edir.


Yeri gəlmişkən, uça bilməyən bu soyuq qitə quşuna daha bir bayram, yanvarın 20-si qeyd olunan “Pinqvinlər haqqında maarifləndirmə günü” həsr edilib.