Xəbərlər

2 May- Ümumdünya Ton Balığı Günüdür

Mayın 2-i Ümumdünya Ton Balığı Günü kimi qeyd olunur. Bu qərar 2016-cı ilin dekabrında BMT Baş Assambleyasının qərarı ilə planetimizin əhalisinə bu növ balıqların dəyərini, qarşılaşdığı təhlükələri, iqtisadi və sosial faydaları barədə məlumatlandırılmaları məqsədilə qəbul edilmişdir.


Ton balığı - skumbriya (Scombridae) ailəsinin orkinos cinsinə aid bir balıq növüdür. Dünyada çox önəmli bir qida balığıdır.


Tropik və subtropik okean sularında yaşayır. Təbiətdə böyük ölçüdə və çəkidə fərqlənən təxminən 40 növ ton balığı var. Boyu 50 - 140 sm,  ağırlığı isə 1,8 - 600 kilodan çox ola bilər.


Qida axtararkən qrup şəklində dolaşan ton balığı uzun məsafə qət edir. Onların qida rasionu - xərçəngkimilər, molyusklar və balıqlardan ibarətdir. Bundan əlavə, onlar saatda 90 kilometr sürətlə üzə bilərlər.


Ton balıqları əhəmiyyətli kommersiya obyektidir və həvəskar balıqçılar arasında da qiymətlidirlər. BMT-nin məlumatına görə, hazırda 96-dan çox dövlət ton balığı sənayesi ilə məşğuldur, bütün okeanlarda minlərlə ton balığına ov edən balıq gəmiləri mövcuddur, əsasən də Hind və Sakit Okeanlarda bu gəmilərin sayı sürətlə artır.


Hər il dünyada 7 milyon ton ton balığı tutulur. Lakin son dərəcə balıq ovunun çoxalması, insan fəaliyyətinin yaratdığı ekoloji təhlükələr və iqlim dəyişikliyinin təsirləri sayəsində keçən onilliklərlə müqayisədə, ton balığının populyasiyası və yaşayış sahələrinin arealı bir qədər azaldı.


Buna görə Birləşmiş Millətlər Təşkilatı və xüsusilə Qida və Kənd Təsərrüfatı Təşkilatı okeanların qiymətli sakinlərini qorumağa çalışır və bununla bağlı lazımi tədbirlər görür. Əyər bu cür tədbirlər görülməsə yaxın gələcəkdə ton balığının populyasiyası əhəmiyyətli dərəcədə tükənə bilər.