Xəbərlər

8 May – Ümumdünya Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

Bu gün 1828-ci il may ayının 8-də anadan olmuş İsveçrə vətəndaşı, humanist ictimai xadim, “Nobel” sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilmişdir və 1953-cü ildən qeyd olunur.

 

Anri Düna 1859-cu ildə İtaliyanın Solferino əyalətində Avstriya və Fransa orduları arasında baş vermiş döyüşün şahidi olmuş və müharibənin dəhşətlərini öz gözləri ilə gördükdə, yerli əhalini yardım üçün səfərbər etmişdir. 1863-cü ildə Anri Dünanın təşəbbüsü ilə yaralılara yardım göstərən Beynəlxalq Komitə (gələcək Beynəlxalq Qırmızı Xaç Komitəsi) yaradılmışdır. 1864-cü il avqust ayının 22-də İsveçrədə keçirilən Diplomatik Konfransda emblem – ağ fonda qırmızı xaç qəbul olunmuşdur. Belə fərqləndirici nişan, qırmızı fonda ağ xaçı əks etdirən İsveçrə dövlətinin bayrağına olan hörmətin əlamətidir.

 

1876-cı ildə Osmanlı imperiyası rus-türk müharibəsində iştirak edən tibbi işçilərinin müdafiəsi üçün Qızıl Aypara emblemini təklif etmişdir. O vaxtdan adı çəkilən emblem, ağ fonda qırmızı xaç emblemi ilə yanaşı, bərabər hüquqlu nişan kimi qəbul olunub.

 

Hazırda həmin emblem bir sıra ölkələr tərəfindən istifadə edilir. Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı tərkibində 183 milli Qızıl Xaç və Qızıl Aypara cəmiyyətlərini, Beynəlxalq Qırmızı Xaç Komitəsini və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasını birləşdirir.