18 may - Beynəlxalq Muzeylər Günüdür
Hər il mayın 18-i dünyada Beynəlxalq Muzeylər Günü kimi geniş qeyd edilir. Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş bu əlamətdar günün məqsədi muzeylərin cəmiyyətin həyatında nə dərəcədə mühüm rol oynadığını göstərməkdir.
Bu bayram dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Beynəlxalq Muzeylər Günündə insanlar muzeyləri gəzərək milli mədəniyyət və tarix haqqındakı məlumatlarını daha da zənginləşdirirlər. Hər il müxtəlif devizlərlə keçirilən bu bayram muzey əməkdaşlarını birləşdirir, ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərilir. Bu bayram qədim tarixə və zəngin mədəniyyətə malik Azərbaycanda da hər il geniş miqyasda qeyd edilir.
Azərbaycan dövlətinin uğurlu mədəniyyət siyasəti nəticəsində son illər muzeylərimizin dünyanın nüfuzlu muzeyləri ilə əlaqələri genişlənib, bu sahədə beynəlxalq əməkdaşlıq sahəsində yeni nailiyyətlər əldə edilib.
Hazırda ölkəmizdə 200-dən çox muzey fəaliyyət göstərir və onların ekspozisiyaları azərbaycançılıq məfkurəsini uğurla təbliğ edirlər.
18.05.2023