Xəbərlər

23 May – Ümumdünya Tısbağa Günüdür

Tısbağa müdriklik, sərvət və uzunömürlülük rəmzi daşıyan heyvandır. 23 may bir çox ölkələrdə Ümumdünya Tısbağa Günü (World Turtle Day) qeyd olunur.

 

Bu qeyri-adi bayram 2000-ci ildə Amerika Tısbağaların Qorunması Cəmiyyətinin (American Tortoise Rescue) təşəbbüsü ilə keçirilir. Bu təşkilat 1990-cı ildə Malibuda (ABŞ, Kaliforniya ştatı), şəhərin ətrafında yaşayan tısbağaların populyasiyasının qorunması üçün yaradılmışdır. Bayramın məqsədi tısbağaların insanlarla qonşuluqda yaşamaları səbəbindən kütləvi şəkildə tələf olmalarına ictimaiyyətin diqqətini cəlb etməkdir.

 

Hər il bu gün tısbağaların məskunlaşdığı bütün ərazilərdə könüllülər miqrasiya və ya digər təhlükəli yerlərdə hərəkətin intensiv olduğu şosselərdə bu heyvanlar üçün keçidlər yaradaraq onları xilas edirlər. Aksiya iştirakçıları, həmçinin dəniz tısbağalarının yumurta qoyduğu dəniz sahillərinə qanunla qorunan ərazilər statusunun verilməsinə nail olurlar.