Xəbərlər

29 May - Beynəlxalq BMT Sülhməramlıları Günüdür

29 may - Beynəlxalq BMT Sülhməramlıları Günüdür. Bu gün 1948-ci ildən etibarən qeyd olunur. BMT-nin yaydığı məlumatda deyilir ki, 2011-ci ildə 112 kişi və qadın sülh yolunda öz həyatlarını qurban vermişdir. Bu ilin ilk dörd ayında isə daha 27 sülhməramlı BMT-yə xidmət edərkən həlak olmuşdur.


Beynəlxalq BMT Sülhməramlıları Günü dünyanın ən təhlükəli və qeyri-sabit zonalarında 17 missiya çərçivəsində fəaliyyət göstərən 120 min sülhməramlını hörmətlə yad etmək üçün bir imkandır. BMT-nin Baş katibi Pan Gi Munun Beynəlxalq BMT Sülhməramlıları Günü münasibətilə müraciətində deyilir ki, biz vəzifə borcunu yerinə yetirərkən həyatlarını itirən 2900-dən çox sülhməramlını yad edirik, müharibənin viran qoyduğu ölkələrə sabitlik gətirmək üçün gördüyümüz işləri davam etdirməyə söz veririk.


Müraciətdə BMT-nin sülhü bərqərar etmək missiyasının əsasında qlobal tərəfdaşlığın dayandığı qeyd olunur. Bildirilir ki, hazırda 116 üzv dövlətin hərbi və polis kadrları BMT əməliyyatlarında iştirak edir. Bu rəqəm BMT-nin Sülhməramlı fəaliyyətinin kollektiv təhlükəsizliyi qorumaq üçün dəyərli vasitə olmasına artan qlobal inamı əks etdirir. Müraciətdə o da vurğulanır ki, BMT-nin hər bir sülhməramlı missiyasının başlıca məqsədi bu missiyalara ehtiyac qalmamasına nail olmaqdır. Müraciətin sonunda Baş katib dövlətləri mavi dəbilqəliləri dünyada milyonlarla insanın ümid mayakına çevirmək üçün qlobal tərəfdaşlığı möhkəmləndirməyə dair söz verməyə çağırır.


Qeyd edək ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərkibində 1997-ci ildə Azərbaycanın Sülhməramlı Ordusu yaranmış, sonradan Azərbaycanın sülhməramlı bölməsi adı altında birləşmişdir. Azərbaycan sülhməramlıları 1999-cu ilin sentyabrından başlayaraq Kosova, Əfqanıstan və İraqda Beynəlxalq Sülhməramlı Ordu tərkibində fəaliyyət göstərirlər. Azərbaycanın 400 nəfərlik sülhməramlısı Kosovada Türkiyə sülhməramlı qoşunlarının tərkibində xidmət etmiş və 2008-ci il aprelin 15-də Azərbaycana qayıtmışdır. Sülhməramlı qüvvələrimiz 120 nəfərlik heyətlə İraqda BMT Təhlükəsizlik Şurası tərəfindən 2003-cü ildə qəbul edilmiş qərar əsasında xidmət etmişdir. Sülhməramlılarımız Milli Məclisin 2008-ci il noyabrın 11-də qəbul etdiyi qərarı ilə vəzifələrini yerinə yetirərək Vətənə dönmüşlər. Bu gün də Azərbaycan sülhməramlıları Əfqanıstanın təhlükəsizliyini təmin edən beynəlxalq qüvvələr strukturunda xidmət edir. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan sülhməramlıları dünyada kollektiv təhlükəsizliyin qorumasında fəal iştirak edirlər.