12 İyun- Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür
İyunun 12-si Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günüdür. Bu gün Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən təsis olunub. Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününün təqvimə daxil edilməsi təşəbbüsü 1997-ci ildə Amsterdamda və Osloda “Uşaq əməyinin ən pis formaları ilə mübarizə” və “Uşaq əməyi ilə mübarizəyə dair” mövzular üzrə keçirilən beynəlxalq konfranslarda irəli sürülüb.
BƏT ilk dəfə Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Gününü 2002-ci ildə qeyd edib. Təşkilatın hədəfi-diqqətin həmin problemə yönəldilməsi və onun ləğvinə nail olmaqdır. Hər il iyunun 12-də bütün dünyadan olan hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, işəgötürənlər, əmək müəssisələri, həmçinin bütün dünyadan olan milyonlarla insan uşaq əməyi ilə mübarizə istiqamətində öz səylərini birləşdirir.
Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası ölkəmizdə uşaqların müdafiəsi, onların sağlam və firavan böyüyərək layiqli vətəndaş kimi yetişmələri üçün dövlət siyasətinin ildən-ilə güclənməsinə imkan verib.
Azərbaycan Respublikası Beynəlxalq Əmək Təşkilatının “İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, eləcə də “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyalarını ratifikasiya etmişdir. Bundan başqa milli qanunvericiliyimizdə 15 yaşdan aşağı uşaqların işləməsinə icazə verilmir.
Bu günün məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır. BMT-nin Davamlı İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2025-ci ilədək uşaq əməyinin bütün formalarının ləğv edilməsi də xüsusi yer alır.
Azərbaycanda uşaq əməyinin istismarı hallarına qarşı həm inzibati, həm də maarifləndirmə tədbirləri həyata keçirilir.
12.06.2024