Xəbərlər

9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür

İyulun 9-u Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günüdür.


Müsəlman Şərqində ilk demokratik respublikanın yaradılmasında və müasir dövrdə müstəqil Azərbaycan dövlətinin qurulması prosesində milli diplomatiyanın rolunu nəzərə alaraq və 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyini əsas tutaraq 2007-ci il avqustun 24-də Prezident İlham Əliyev hər il iyulun 9-nun Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd edilməsi haqqında Sərəncam imzalayıb.


Diplomatiya gününün müəyyən olunması ilə bağlı bir neçə təkliflər nəzərdən keçirilib, o cümlədən Azərbaycan Xalq Cümhuriyyətinin xarici dövlətlə imzaladığı ilk müqaviləsi - Osmanlı Türkiyəsi ilə bağlanan müqavilə günü, Paris Sülh Konfransında Antanta dövlətləri tərəfindən Azərbaycanın müstəqilliyinin de-fakto tanındığı gün və s. Lakin nəticədə qərara alınıb ki, arxivlərdən Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyinə aid tapılmış ilk rəsmi sənəd 1919-cu il 9 iyul tarixli Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyinə dair müvəqqəti təlimat olduğundan məhz bu tarix diplomatiya gününün əsasını təşkil etsin.


Azərbaycan diplomatiyası ilk addımlarını atarkən - 1919-cu ildə Bakıda 16 xarici dövlətin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa, İtaliya, İsveç, İsveçrə, Belçika, İran, Polşa və Ukraynanın diplomatik nümayəndəlikləri fəaliyyət göstərib.


1920-ci il yanvarın 11-də Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi de-fakto tanınandan sonra Azərbaycan hökuməti tərəfindən Qərbi Avropa və Amerikada Azərbaycanın diplomatik nümayəndəliklərinin təsis edilməsinə dair qanun layihəsi hazırlanıb.


1922-ci il dekabrın 30-da Moskvada Birinci Ümumittifaq Sovetlər qurultayında SSRİ-nin yaradılması haqqında müqavilə imzalandı. Azərbaycanın müstəqil xarici siyasət fəaliyyəti tamamilə dayandırıldı. 1923-cü il oktyabrın 8-də Azərbaycan SSR Xalq Komissarları Sovetinin 529 saylı əmrinin birinci paraqrafı ilə Türkiyə və İran istisna olmaqla, Azərbaycanda fəaliyyət göstərən bütün diplomatik nümayəndəliklər ləğv edildi.


Yalnız İkinci Dünya müharibəsinin sonlarına yaxın - 1944-cü ildə sovet hakimiyyəti özünün geniş strateji maraqlarını əsas götürərək digər respublikalarla yanaşı, Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığını da yaratdı. Lakin bu orqan uzun illər boyu yalnız formal mövcud oldu.


1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bir-birinin ardınca dünya dövlətləri və BMT tərəfindən tanındı.


1993-cü ildə ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə həyata keçirilən milli dövlətçiliyin qurulması prosesi Xarici İşlər Nazirliyi sistemini də əhatə etdi. Ulu Öndər Azərbaycanın xarici siyasətinin strateji ana xəttinin konturlarını cızdı.

 

Ulu Öndər Heydər Əliyevin xarici siyasət xətti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara və mövqelərimizin dünya səviyyəsində müdafiə edilməsinə əsaslanan müstəqil, çoxşaxəli, balanslı və fəal xarici siyasət yürüdür. Hazırda Azərbaycan böyük layihələrin təşəbbüskarı və iştirakçısı qismində regional əməkdaşlığı inkişaf etdirən və beynəlxalq nüfuza malik bir dövlətdir. Etibarlı tərəfdaş kimi qəbul edilən Azərbaycanın xarici siyasət uğurları qonşu ölkələrlə və dünyanın digər dövlətləri ilə balanslaşdırılmış münasibətlərin qurulması, qarşılıqlı maraqlardan irəli gələn bərabər dialoq və əməkdaşlığın həyata keçirilməsinə əsaslanır. Ölkəmizin xarici siyasət sahəsində qazandığı uğurlar 2020-ci ildə Vətən müharibəsi zamanı özünü göstərdi. Belə ki, məhz yürüdülən uğurlu və məqsədyönlü xarici siyasətin nəticəsi idi ki, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mübarizəsi beynəlxalq ictimaiyyət tərəfindən dəstəkləndi.