Xəbərlər

19 avqust - Beynəlxalq Humanitar Yardım Günüdür

Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir. Bu gün BMT tərəfindən 2008-ci ildə təsis edilib. İlk dəfə isə 2009-cu il avqustun 19-da qeyd olunub.

 

Bu tarix ehtiyacı olan insanlara humanitar yardım göstərərkən həyatını itirənlərin xatirəsinə həsr edilib.

 

BMT baş katibinin xüsusi nümayəndəsi Serxio Vieyra de Mello və onun İraqdakı Yardım Missiyasında çalışan 21 həmkarı 2003-cü il avqustun 19-da Bağdaddakı “Kanal Otel”də kamikadzenin özünü partlatması nəticəsində həlak olublar. Bu tarix məhz onların xatirəsini anmaq üçün qurum tərəfindən xüsusi olaraq seçilib.

 

Qeyd edək ki, humanitar yardım qrupları aclıqdan, müharibələrdən, cinsi ayrı-seçkilik və şiddətdən, təbii fəlakətlərdən əziyyət çəkənlərə, o cümlədən qaçqın və məcburi köçkünlərə, uşaqlara, təmiz suya ehtiyacı olanlara kömək əllərini uzadırlar.

 

Dünyada əhalinin sayının, iqtisadi böhranın, ekoloji və sağlamlıq problemlərinin, aclıq dərəcəsinin, müharibə və təbii fəlakətlərin çoxalması, qiymətlərin bahalaşması humanitar yardım işçilərinin fəaliyyətinin önəmini daha da artırır.