27 sentyabr- Ümumdünya Turizm Günüdür
Builki turizm günü “Turizm və iş yerləri: hamı üçün daha yaxşı gələcək” şüarı altında keçirilir.
Bu il Dünya Turizm Gününün əsas tədbirlərinə Hindistanın Nyu-Delhi şəhəri ev sahibliyi edəcək. Birgünlük konfransın sessiyalarında turizm sektorunun daha çox və yaxşı iş yerləri yaratmaq imkanı və bununla da dünyada hamı üçün daha yaxşı gələcək qurulmasına köməyi vurğulanacaq. Konfransda, həmçinin əmək bazarında və texnoloji sektorda baş verəcək dəyişikliklərin yaradacağı imkan və problemlər müzakirə olunacaq.
Təsadüfi deyil ki, builki şüara uyğun olaraq ölkə miqyasında və beynəlxalq səviyyədə keçirilən tədbirlərin əsas məqsədi daha çox turistin cəlb edilməsi ilə Azərbaycanı regional və beynəlxalq səviyyəli turizm mərkəzinə çevirmək, ölkədə turizmin hərtərəfli inkişafına nail olmaq, yeni iş yerlərinin açılmasına, məşğulluğun artmasına, bununla da iqtisadiyyatın inkişafına və əhalinin formalaşan gəlirlərinə töhfə vermək, yaxın 10 il ərzində turizmin ÜDM-dəki payını 10 faizə çatdırmaqdır.
Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur.
Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir.