Xəbərlər

1 Oktyabr Beynəlxalq Ahıllar Günüdür

1990-cı il dekabrın 14-də BMT-nin Baş Assambleyası qətnamə qəbul edərək oktyabrın 1-nin Beynəlxalq Ahıllar Günü kimi qeyd olunmasını qərara alıb. Bu günü əvvəlcə Avropada, sonra Amerikada, ötən əsrin 90-cı illərinin axırlarında isə artıq bütün dünyada qeyd etməyə başlayıblar.

 

Həmin günün təsis edilməsinin başlıca məqsədi ailə və icmaların, eləcə də cəmiyyətin həyatında ahıl və yaşlıların iştirakını fəallaşdırmaq, onların hüquq və ehtiyaclarını diqqətə çatdırmaqdır.

 

Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanun imzalayıb. Həmin sənədə əsasən, 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.

 

Azərbaycanda yaşlı insanların problemlərinə həssas münasibət bu gün də mövcuddur. Pensiya yaşlı insanların sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzindədir. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı islahatlar həyata keçirilir və həmin islahatlar ölkəmizdə sosial müdafiə sisteminin beynəlxalq standartlar səviyyəsində yenidən qurulmasına imkan verir. Təkcə bu il onların maddi-rifahını yüksəltmək üçün həyata keçirilən sosial paketlərdə pensiyaların minimum məbləği iki dəfə artırılıb. Məhz bu gündən ölkəmizdə pensiyaların minimum məbləği 160 manatdan 200 manata çatdırılır.

 

Uşaqlıqdan hər kəsə yaşlılara hörmət və ehtiramla yanaşmaq, ictimai nəqliyyatda onlara yer vermək, küçəni keçməkdə çətinlik çəkən ixtiyar qocalara kömək etmək və tənha yaşayan yaşlılara yardım əli uzatmaq hissi aşılayıblar. Oktyabrın ilk təqvim günü bunun üçün çox yaxşı fürsətdir. Yaxşı olar ki, bu gün hər kəs onlara öz mərhəmət, şəfqət və qayğısını göstərsin.

 

Həm də təkcə bu gün yox...