Təbiət

Şahin quşu

Quşlar aləminin ən mahir ovçularından sayılan Şahin quşu— qızılquşlar fəsiləsinin qızılquş cinsinə aiddir. 


Şahinlərə planetimizin bütün guşələrində rast gəlinir. Bu yırtıcıların əksəriyyəti Şimali Amerika, Avropa, Şimali və Orta Asiyanın meşə zonalarında yayılıb; Afrikada yalnız Mərakeşdə rast gəlinir. Köçəri quş deyil və bir qayda olaraq, ömrü boyu bir ərazidə yaşayır. Yeganə köçəri şahin Şimali Amerikanın şimalında və şimal-qərbində yaşayan şahin növü hesab edilir, belə ki, quş qış fəsli gəldikdə cənuba köç edir.
Azərbaycan ərazilərində də şahin quşuna rast gəlinir. Lakin bu quş növü Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilib.


Təbiətdə bu gözəl, qamətli və yırtıcı quşların müxtəlif növləri qeydə alınıb. Bu quş növünün dişisi adətən erkəkdən daha böyük, kütləsi isə ağırdır. Dişi şahinin kütləsi 2 kq, erkəkdə isə 650-1150 qr-dır. Dişi şahinin bədən uzunluğu 60-65 sm, qanadlarının həcmi isə 1 m-dən çoxdur, erkəkdə isə qismən kiçikdir.  


Növündən asılı olaraq şahinlərin rəngləri müxtəlif olur. Əsasən lələklərində boz, qəhvəyi, qara və ağ çalarlar üstünlük təşkil edir, bəzən isə tamamilə kömürü qara şahinlərə rast gəlinir.


Şahinlərin gözləri iri, qırmızı və ya tünd qəhvəyi rəngdə olur, ayaqları isə sarıdır. Şahinlər əla görmə qabiliyyəti ilə məşhurdurlar, göydə uçarkən bir neçə kilometr məsafədən şikarlarını görür.


Şahinlər əsasən heyvan qidası ilə qidalanan yırtıcı quşlardır. Körpə və gənc şahinlər balaca quşlara, kiçik gəmiricilərə, böcəklərə və qurbağalara ov edərlər. Yaşlı və təcrübəli şahinlər isə daha iri şikarla, məsələn qırqovul, dovşan, dələ kimi heyvanlara hücum edərlər.


Şahinlər gündüz vaxtı iki gündə bir dəfə ova çıxarlar, çünki mədələrində xüsusi bir “çanta” var ki, orada yeyilmiş yeməyin bir hissəsi qalır və oradan tədricən mədəyə daxil olur. 


Şahin quşları ildə bir dəfə yumurta qoyarlar. Cüt şahinlər yumurta qoymadan iki ay əvvəl yuva qurmağa başlayırlar. Ümumiyyətlə, yuvalarını köhnə və hündür ağaclarda qurarlar. Adətən, dişilərin hər biri 2-3 gün ara verərək 2-4 yumurta qoyur. Yumurtalar 59 x 45 mm ölçüdə, mavi-ağ rəngdə olur. Bala şahinlər 28-38 gündən sonra yumurtadan çıxmağa başlayırlar. Dişi əsasən inkubasiya edir, erkək isə ov zamanı onu əvəz edir. Balalar yumurtadan çıxdıqdan sonra dişi şahin daha 25 gün yuvada qalmağa davam edir. Bala şahinlər 34-35 gün ərzində yuvada qalırlar. 35-46 gün yaşlarında isə uçmağa başlayırlar və buna baxmayaraq 70 günə qədər valideynlərindən qidalanmağa davam edirlər. Valideynlərini tam tərk etməsi çox vaxt qəfildən baş verir və 95 yaşında bütün gənc şahinlərin 95% -i tamamilə müstəqil olurlar. Gənc şahinlərdə yetkinlik dövrü bir yaşından başlayır.