Xəbərlər

Bu gün Beynəlxalq Həkimlər Günüdür

Hər il bir çox ölkələrdə oktyabrın birinci bazar ertəsi dünya həkimlərinin həmrəylik və fəal əməkdaşlıq əlaməti olaraq Beynəlxalq Həkimlər Gününü qeyd edirlər. Həkimlərin başlıca məqsədi sağlamlığın qorunması və saxlanılmasıdır.

 

Həmin günün qeyd olunması təşəbbüsü ilə Dünya Səhiyyə Təşkilatı və "Sərhədsiz həkimlər" beynəlxalq humanitar təşkilatı çıxış ediblər. Hər il "Sərhədsiz həkimlər"in minlərlə əməkdaşı müxtəlif ölkələrdə, o cümlədən qaynar nöqtələrdə fövqəladə vəziyyətlərlə üzləşənlərə heç bir fərq və ayrı-seçkilik qoymadan tibbi kömək göstərirlər. Həmin təşkilatın könüllüləri QİÇS və narkomaniya ilə mübarizədə profilaktik və maarifçilik işi aparır. Hər il "Sərhədlərsiz həkimlər" təşkilatından minlərlə həkim müxtəlif ölkələrdə ehtiyacı olanlara kömək edirlər.

 

Həkimlik dünyanın ən qədim peşələrindən biridir. Lap qədim dövrlərdən ona yüksək dəyər verilib və hörmət bəslənilib. Təbib və əttarlar əldə etdikləri təcrübələri gələcək nəsillər üzün kağıza köçürüblər, hərçənd ki, o vaxtlar onlar müalicəvi bitkilər, məlhəmlər, minerallar və müxtəlif üsullarla şəfa verirdilər. Yüzilliklər keçdi və təbabət irəli gedərək elmə çevrildi. İnsanlar vəba, çiçək, vərəm, Sibir yarası və bu kimi qorxulu xəstəliklərə qalib gəlməyi öyrəndilər. Bütün bunlar insan ömrünün uzanmasına və ağrı-açıdan xilas olmasına imkan verdi.

 

Hazırda Azərbaycanda 32 mindən çox həkim və 54 minə yaxın orta tibb işçisi fəaliyyət göstərir. Bu həssas və xeyirxah peşə sahiblərinin kabinetdə və ya səhra şəraitində işləməsi onların xidmətini azaltmır, çünki sağlamlıq keşikçilərinin xilas etdiyi hər bir həyat qiymətlidir.

 

Müasir həkimlər zəngin biliyə və uzun illər boyu qazanılmış tibbi təcrübəyə yiyələniblər. Həkimlik çox mürəkkəb və məsuliyyətli işdir, çünki dünyada hər şeydən qiymətli olan insan həyatı onların əllərindədir. Hər kəs həyatında ən azı bir dəfə də olsa həkimə möhtac olur və həyatımızı onlarsız təsəvvür etmək çətindir.