16 Oktyabr - Ümumdünya Çörək Günüdür
Milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün Çörək müqəddəs və ən vacib qida məhsulu sayılır. Buna görə də hər il 16 oktyabrda Ümumdünya Çörək Gününün qeyd olunması təəccüblü deyil.
Bayram Beynəlxalq Çörəkçilər və Qənnadıçılar Birliyinin təşəbbüsü ilə 2006-cı ildə təsis edilib. Tarixin məhz bu günə təsadüf etməsi -16 oktyabr 1945-ci ildə kənd təsərrüfatının və onun istehsalının inkişafında problemlərin həlli ilə məşğul olan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaradılması ilə əlaqədardır. Bu gün, hər zaman olduğu kimi, dünyanın hər bir ölkəsində çörək və çörək məhsulları geniş və sevgi ilə istifadə olunur.
Hər zaman çörək hörmət, bolluq və firavanlıq rəmzi, xalqımızın irsi hesab olunub. Qədim dövrlərdən bəri Azərbaycanda əkinçiliklə məşğul olunub, ölkədə tapılmış paxlalı taxıllar buna sübutdur.
Qədim dövrlərdən ocaq, çörək və ana südünə and içirik, çörəyi bıçaqla kəsmirik, əlimizlə bir parça qoparırıq, çünki Çörək - bizim üçün müqəddəsdir.
Azərbaycanda süfrəni çörəksiz təsəvvür etmək mümkün deyil. Azərbaycanda da başqa ölkələrdə olduğu kimi çörək məhsulları insanın qida rasionunun ən əhəmiyyətli və ən vacib hissəsi kimi qəbul edilir.
Əsl çörək bişirənlər qədim misirlilər sayılır. Sonralar çörəkbişirmə peşəsi qədim yunanlara da keçib. Onlar çörəyi gildən düzəldilmiş formalarda bişirirdilər. Həmin formalara "klibanos" deyirdilər. Qədim qotların çörəyə verdikləri "xlayfs", qədim alman dilində "xlayb", rusların "xleb", ukraynalıların "xlib", estonların "leyb" adları "klibanos" adından törənmiş sözlərdir.
Dünyanın bir çox ölkələrinin arxeoloqları sübuta yetiriblər ki, ilk çörək bitkisi müasir çovdar və buğda yox, şam olub. Misir ehramlarında aparılan axtarışlar zamanı tapılmış heykəlciklər və digər əşyalar göstərir ki, qədim misirlilər dəni üyüdüb un almaqla bərabər, undan çörək bişirməyi də bacarırdılar.
Bişmiş çörəyin dadı tərkibindəki üzvi turşuların qədərindən asılıdır. İnsan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir.
İnsanın sağlamlığı üçün çörək ancaq su ilə müqayisə edilə bilər. Bəlkə də, çoxları çörəyin gənclik vitamini sayılan E vitamininin, habelə PP və B qrupu vitaminlərinin mənbəyi olduğunu bilmirlər. Həmin vitaminlər insan beynini aktivləşdirir, onun yorulmasına və fəaliyyətsizliyinə imkan vermir.
Çörəkdə həzm prosesini yaxşılaşdıran və orqanizmin təmizlənməsinə kömək edən sellüloz var. Çörək insan orqanizminin sulu karbonlara sutkalıq tələbatını təmin edir.
Parisdə, Sankt-Peterburqda, Lvovda və sair yerlərdə çörək tarixi muzeyləri yaradılıb. Həmin muzeylərdə böyük sayda eksponatlar – qədim avadanlıqlar, müəssisə veteranlarının və onların qohumlarının muzeyə hədiyyə etdikləri sənədlər, şəxsi əşyalar, həbsxana kameralarında məhbusların çörəkdən hazırladıqları əşyalar, arxiv sənədlərinin surətləri, çörəyə aid nadir fotomateriallar saxlanır.
16.10.2023