20 noyabr - Ümumdünya Uşaq Hüquqları günüdür
Bu gün Ümumdünya Uşaq Hüququları günüdür. BMT Baş Məclisi 1954-cü ildə bütün ölkələrə dünya uşaqlarının qardaşlığı və həmrəyliyi günü kimi bayram edilməsini tövsiyə edib. Həmin gün bütün dünyada uşaqların firavanlığının təmin edilməsinə yönəldilmiş fəaliyyətə həsr olunub.
BMT hökumətlərə uşaqlar gününün onların hər birinin məqsədəuyğun saydığı hər hansı gün bayram edilməsini təklif edib. BMT-nin Baş Məclisi 1959-cu il noyabrın 20-də Uşaq Hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin tarixində isə Uşaq Hüquqları Konvensiyasını qəbul edib.
Uşaqların həyatına və firavanlığına təhlükə olan qüvvələrə təkcə erkən uşaqlıq dövründə təsadüf olunmur. Onlar getdikcə daha müdafiəsiz olur, çünki çox vaxt hüquqlarından, o cümlədən təhsil, ictimai-siyasi həyatda iştirak etmək, habelə sağlamlığa ziyan vurulması hallarından müdafiə olunmaq hüquqlarından məhrumdurlar.
BMT-nin Uşaq Fondu (UNICEF) doğumdan əvvəlki dövrdən tutmuş gənclik dövrünə qədər uşaq sağlamlığının bütün aspektlərinə dair geniş iş aparır.
Uşaq Fondu İÇV/QİÇS üzündən valideynlərini itirmiş uşaqlara yaşıdları kimi qulluq edilməsinə nail olmaq üçün xüsusi səylər göstərir, habelə QİÇS-ə yoluxan qadın və uşaqların layiqli həyatının təmin olunmasına kömək edir.
Uşaqlar Günü hər birimizə uşaqların hüquqlarını müdafiə etmək, onlara daha yaxşı bir dünya yaratmaq üçün ruhlandırıcı bir tarixdir.