Təbiət

Viktoriya gölü

Viktoriya (ing. Lake Victoria)  — Afrikanın ən böyük şirin sulu, dünyanın isə ən böyük tropik gölüdür. Gölün digər adları Viktoriya Nyanza və Ukerevedir. 


Dəniz səviyyəsindən 1134 m yüksəklikdə yerləşən göl ölçüsünə görə bütöv bir dövlətə bənzəyir. Viktoriya Afrikanın ən böyük gölü olmaqla bərabər, böyüklüyünə görə Yuxarı göldən sonra dünyada ikinci şirin sulu göldür.


Sahəsi 68 min kvadrat km-ə çatır, maksimum uzunluğu 320 km, eni isə 275 km-dən biraz azdır. Sahil xəttinin uzunluğu 7 min km-dən çoxdur. Gölün dərinliyi 80 m, orta dərinliyi isə 40 m-dir.


Sübut edilib ki, böyük Nil mənbəyini məhz bu nəhəng su anbarından götürür.


Şərqi Afrika platformasının tektonik çuxurunda yerləşən göl bir neçə ölkənin sərhəd ərazisini tutur: Keniya, Tanzaniya və Uqanda. Gölün yaxınlığında 30 milyona yaxın yerli qəbilələr yaşayır. Qərb və cənub sahillərində qitədə ən yaxşı qəhvə yetişdirmək qabiliyyəti ilə məşhurlaşan Vahaya qəbiləsi yaşayır. Ərazidə ən qədim qəbilə isə Luo qəbiləsidir.


Göl 1858-ci ildə İngilis səyyah və tədqiqatçısı Con Spik tərəfindən kəşf edilib. Con Spik gölü, o dövrdə hökm sürən Kraliça Viktoriyanın şərəfinə “Viktoriya”, yerli sakinlər isə gölü tərcümədə "göl" mənasını verən, “Nyanza” adlandırıblar. Buna görə də 1920-ci illərə qədər su anbarı Viktoriya Nyanza adlanırdı.


Viktoriya gölü ətrafındakı milli parkları və qoruqları ilə məşhurdur. Bunlardan ən məşhuru Tanzaniyadakı Rubondo Adasının Milli Parkıdır. Bəzi məlumatlara görə, bu parkın ərazisində 500-ə yaxın quş növü mövcuddur. Keniyanın sahil payı çox az olsa da, ən çox ticarət yolu elə bu hissədədir.


OSIENALA təşkilatı hazırda gölün və ətraf mühitin qorunması ilə məşğul olur. Bu qeyri-hökumət təşkilatı təkcə bölgənin ətraf mühitini qorumaqla deyil, həm də yaxınlıqdakı yaşayış məntəqələrinin yoxsulluğuna qarşı mübarizə aparmaqla məşğuldur.


Viktoriya gölünü geoloji tarixi təxminən 400 min il əvvəl başlayır, bu da onu nisbətən gənc bir su anbarı hesab etməyə imkan verir. Göl 3 dəfə quruyub və su ilə yenidən dolub. Sonuncu dəfə təxminən 14700 il əvvəl göldə su yenilənib.


Bu gün Viktoriya, kanalizasiya, sənaye müəssisələrinin kimyəvi tullantıları ilə çirklənib. Eyni zamanda, suyun səviyyəsində tədricən azalma müşahidə olunur. 
Su anbarının faunasına 200-dən çox balıq növü daxildir, bunlardan əsas ticari gəlir gətirən növ isə tilapiya və onun növləridir. 


Sahilində yırtıcı Afrika heyvanları olmasa da, gölün özündə timsahlar və begemotlar var.


Burada zəhərli ilanlara və təhlükəli həşəratlara da rast gəlmək olar. 


Bu gün Viktoriya gölü Afrikanın ən böyük balıqçılıq mərkəzidir. Hər il burada beynəlxalq miqyaslı balıq ovu yarışları keçirilir. Gölün ən yaxşı vaxtı iyun-sentyabr aylarıdır.