Xəbərlər

20 fevral – Ümumdünya Sosial Ədalət günüdür

Fevralın 20-də ilk dəfə Ümumdünya Sosial Ədalət günü qeyd edilir. Sosial ədalət bəşəriyyətin böyük hissəsi üçün əlçatmaz arzu olaraq qalır. Bu sözləri BMT-nin baş katibi Pan Gi Mun demişdir.


Baş katib bildirmişdir ki, yoxsulluq, aclıq, hüquq bərabərliyinin və insan hüquqlarının pozulması əvvəlki kimi, cəmiyyətin əxlaqına ağır zərbələr vurur. Pan Gi Mun qlobal maliyyə böhranının belə mənfi halların daha da artmasına səbəb olacağından ehtiyat etdiyini bildirmişdir. Bundan əlavə, o qeyd etmişdir ki, sosial ədalət həm ölkə daxilində, həm də dövlətlər arasında dinc yanaşı yaşamaq prinsipinin əsasını təşkil edir.


Baş katib vurğulamışdır ki, BMT insanlar qarşısında cinsindən, yaşından, irqindən, etnik və dini mənsubiyyətindən, mədəniyyət və ya əlillikdən irəli gələn maneələrin aradan qaldırılması üçün var qüvvəsi ilə çalışır.


Baş katib müraciətində yazır: “BMT hesab edir ki, hamı üçün sosial ədalətə səy göstərilməsi, inkişafın dəstəklənməsi və insan ləyaqətinə hörmət qlobal missiyanın əsasını təşkil edir”.