Xəbərlər

6 mart - Beynəlxalq Stomatoloq Günüdür

Hər il martın 6-sı stomatoloqların peşə bayramı - Beynəlxalq Stomatoloq və ya Diş Həkimi Günü qeyd edilir.

 

Bu tarixin seçilməsinin səbəbi isə stomatologiya sənətinin əsas atributlardan birinin məhz həmin gün ixtira olunması ilə bağlıdır. Belə ki, 1790-cı ilin martın 6-da ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun şəxsi diş həkimi Con Qrinvud tərəfindən stomatoloji bor kəşf edilib. Yeni ixtira ayaqla hərəkətə gətirilən iri bormaşın olub. Həmin stomatoloji alətin köməyi ilə Qrinvud tərəfindən Corc Vaşinqton üçün protez diş hazırlanıb. Ən maraqlısı odur ki, cihazın hərəkətə gətirilməsində Qrinvud öz anasına aid cəhrənin təkərindən istifadə edib. Elektrik bormaşın isə həmin ixtiradan bir əsr sonra, 1907-ci ildə istifadəyə verilib.

 

Stomatologiya ilə əlaqədar digər yeniliklər sırasında doktor Vaşinqton Şeffildin təbii tükü süni sintetik neylonla əvəz edərək dünyada ilk diş fırçasının buraxmasını qeyd etmək olar.

 

Beynəlxalq Diş Həkimi Günü milli peşə bayramı kimi əvvəlcə yalnız ABŞ-da qeyd edilirdi. Sonralar diş həkimlərini təbrik etmək ənənəsi Şimali Amerikadan digər ölkələrə də yayıldı. Həmin ölkələr sırasına ilk daxil olanlardan biri Hindistan oldu.

 

Stomatologiya tibbin ən qədim sahələrindən biridir. Bu gün diş həkiminin müalicə kabinetinə getmədən sağlamlığı qorumaq mümkün deyil. Bəşəriyyətin yalnız kiçik bir hissəsi xəstə diş, xəstə diş əti, ağız boşluğu ilə əlaqədar problemlərdən yan keçir. Yer kürəsi əhalisinin böyük bir hissəsi ömründə ən azı bir dəfə də olsun, nə vaxtsa stomatoloq kreslosunda oturaraq dişlərini müalicə etdirməyə məcbur olur.

 

Beynəlxalq Stomatoloq Günü çərçivəsində dişlərə müntəzəm və mütəmadi qulluq barədə mühazirələr oxunur və maarifçilik işi aparılır. Həmin tədbirlər zamanı uşaq kariyesinin profilaktikasına xüsusi diqqət ayrılır.