Xəbərlər

14 mart - Beynəlxalq Çaylar Günüdür

14 mart - Beynəlxalq Çaylar Günü və ya Çaylar üçün Beynəlxalq Hərəkat Günüdür. Həmin ekoloji təqvim 1998-ci ildə təsis edilib. Bu gün dünyada Bəndlər əleyhinə Beynəlxalq Fəaliyyət Günü kimi də tanınır.
Bu günün qeyd edilməsi təşəbbüsü ilk dəfə ABŞ-ın Kaliforniya ştatında yerləşən “Beynəlxalq Çaylar” ekoloji təşkilatı tərəfindən irəli sürülüb.


Beynəlxalq Çaylar Günü su hövzələrinin haqqında dağıdıcı layihələr, sağlamlıq və dayanıqlı inkişaf haqqında cəmiyyətin maarifləndirilməsi məqsədi daşıyır. Hər il bu günlə əlaqədar müxtəlif tədbirlər və aksiyalar keçirilir. Fəalların çay hövzələrində ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində atdığı addımlar sırasında ABŞ-da 60 metr hündürlüyündə iki bəndin sökülməsini və İsveçdə 15 metrdən hündür bəndin tikilməsinə qadağa qoyulması haqqında qanunun qəbul edilməsini nümunə göstərmək olar.


Azərbaycan Respublikanın çay şəbəkəsi 8350-dən çox çaydan ibarətdir ki, bunlardan 2 çayın uzunluğu 500 kilometrdən çox, 22 çayın uzunluğu 101-500 kilometr, 324 çayın uzunluğu 11-100 kilometr arasında dəyişir, əksər çayların uzunluğu isə 10 kilometrdən azdır. Respublika çayları, ümumiyyətlə, Xəzər dənizi hövzəsinə aiddir.


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti çaylarda sululuq, Ətraf Mühitin Monitorinqi Departamenti çirklənmə vəziyyətini öyrənir. Ətraf Mühitin Mühafizəsi Departamenti isə hüquqi və fiziki şəxslərin su hövzələrinin mühafizəsi sahəsində yol verdikləri qanun pozuntularına uyğun olaraq tədbirlər görür.