Xəbərlər

1 iyun- Beynəlxalq Süd Günüdür

1 iyun bütün dünyada yalnız Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi deyil, həm də Ümumdünya Süd Günü kimi qeyd olunur. Bu günün devizi - “Uşaqlar, süd için, sağlam olun!” ola bilər.


Bu gün ilk dəfə 2001-ci ildə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının təklifi ilə qeyd olunmuşdur. Həmin gündən bu ənənə dünyanın bir çox ölkələrində geniş yayılmışdır. Bayramın məqsədi insanlar arasında süd və süd məhsullarının faydalılığının təbliğ olunması, əhalini süd və süd istehsalı ilə bağlı məlumatlandırmaqdır. Süd məhsullarının faydası çoxdan təsdiq olunmuşdur. Belə ki, süd məhsulları mədə şirəsinin ifraz olunmasını stimullaşdırır, bağırsaqların fəaliyyətini və maddələr mübadiləsini yaxşılaşdırır, orqanizm tərəfindən çox tez və asan mənimsənilir. Bundan əlavə, insan orqanizminə düşdükdə, südturşulu bakteriyalar C, B1, B2, B12, D vitaminlərini, hətta təbii antibiotikləri istehsal edir ki, onlar xəstəlikləri törədən mikrobların inkişafını dayandırır və ya onları məhv edir.

 

Süd məhsullarının tərkibində orqanizm üçün vacib olan çoxlu miqdarda kalsium və fosfor mikroelementləri var ki, bu da insanın dişləri və sümüklərinin tərkibinə daxildir. Süd və süd məhsullarının faydalarını sadalamaqla bitməz. Bəs nə üçün Süd Günü məhz iyunun 1-də qeyd olunur? Çünki 1 iyun - Ümumdünya Süd Günü təsis olunana qədər artıq bir çox ölkələrdə bu bayramın qeyd olunması ənənəsi var idi. Təsadüf belə gətirmişdi ki, bir çox ölkələrdə Süd Günü ya iyunun 1-ə, ya da ona yaxın olan tarixlərə düşürdü.

 

Buna görə də Ümumdünya Süd Gününün iyunun 1-də qeyd olunması qərara alınıb. 2008-ci ildə artıq dünyanın 40-dan artıq ölkəsində bu bayram qeyd olunurdu. Ölkəmizdə Ümumdünya Süd Gününün qeyd olunması ənənəsi yeni başlayır. Bu günün təbliğ olunmasının böyük əhəmiyyəti vardır. Respublikamız süd və süd məhsullarının istehsalı ənənəsinə malikdir. Düzgün qidalanmaq, süd məhsullarından bol-bol istifadə etmək gələcək nəslin sağlam yetişməsində çox mühüm amildir.