Mədəni irsimiz

Orxon-Yenisey abidələri

Qədimdə türk tayfaları Avropa düzənliklərindən tutmuş Sibir çöllərinə qədər geniş bir ərazidə yaşayırdılar. Onların tarixi, yaşayış tərzi haqqında məlumatlara yalnız qonşu xalqların, xüsusilə Çin tarixçilərinin əsərlərində rast gəlmək olardı. Alimlər uzun müddət elə düşünürdülər ki, türklər köçəri həyat sürdüklərinə görə onların öz yazısı, əlifbası olmamışdır. 1893-cü ilə kimi qədim türklərin mədəniyyəti haqqında elmə çox az şey məlum idi...


XIII əsrdən başlayaraq Monqolustanda və Sibir çöllərində olmuş bir sıra səyyahlar üzərində qəribə yazılar həkk edilmiş daş abidələr haqqında məlumat vermişdilər. Lakin Avropa alimləri yalnız XVIII əsrdə, Filip Stralenberqin tapıntılarından sonra bu yazılarla yaxından maraqlanmağa başladılar.


Stralenberq İsveç zabiti idi. O, İsveçlə Rusiya arasında gedən müharibədə əsir düşmüş və 13 il Sibirdə sürgündə qalmışdı. 1730-cu ildə vətəninə qayıdan Stralenberq Asiyanın tarixi və coğrafiyası haqqında kitab nəşr etdirdi. Bu əsərində o, Orxon və Yenisey çayları ətrafında tapdığı daş kitabələr haqqında ətraflı məlumat verdi. Lakin bu yazılar hələ də sirr olaraq qalırdı.


Stralenberqin verdiyi məlumatlar əvvəlcə rus elmi dairələrində maraq doğurdu. Rus türkoloq alimləri daş üzərindəki yazıları tədqiq etmək üçün Sibirə ekspedisiyalar təşkil etdilər. Nəticədə xeyli daş kitabə, o cümlədən hündürlüyü 3 metr 75 sm olan bir mərmər kurqan tapıldı. Sonradan “Kültigin” adı ilə məşhurlaşan bu abidədə yazı sətirlərinin eni 235 santimetr idi. Burada naməlum əlifba ilə yanaşı, Çin heroqlifləri ilə yazılmış mətn də var idi. Məhz bu mətnlər daş kitabələrin sirrini açmaqda mühüm rol oynadı.


Bir çox alimlər Orxon-Yenisey abidələrini oxumağa cəhd etsələr də, bu, ilk dəfə Danimarka alimi Vilhelm Tomsenə nəsib oldu. O, əvvəlcə Kültigin abidəsindən “tenqri”, “türk”, “Kültigin” sözlərini Çin heroqlifləri ilə yazılmış mətndəki uyğun sözlərlə qarşılaşdırıb t, nq, r, ü, k, l hərflərini oxudu. Tomsen 1893-cü il noyabrın 25-də Danimarka Kral Akademiyasının yığıncağında öz kəşfi haqqında məruzə etdi.


Beləliklə, məlum oldu ki, bu sirli yazılar müasir türkdilli xalqların əcdadlarına məxsusdur. 1894-cü ildə rus alimi Vasili Radlov Kültigin abidəsinin mətnini tam olaraq oxudu və tərcümə etdi.


Tədqiqatlar göstərir ki, 38 hərfdən ibarət Orxon-Yenisey əlifbası başqa dillərdən alınmamış, xüsusi olaraq türk dili üçün icad edilmişdir. Buradakı hərflər məhz türk dilindəki spesifik səsləri işarə edir. Orxon-Yenisey əlifbası ilə yazılan mətnlərdə sözlər bir-birindən iki nöqtə ilə ayrılır. Cümlələr sağdan sola, bəzən də yuxarıdan aşağıya yazılır.


Qədim Göytürk dövləti, türk tayfaları, türk dili, adət-ənənələri haqqında ən geniş məlumatı üç böyük türkün – Kültigin, Bilgə xaqan və Tonyukukun şərəfinə qoyulmuş abidələrdən əldə etmək olur. Bu abidələr VI-VIII əsrlərdə mövcud olmuş böyük Göytürk imperatorluğunun yadigarıdır.


Kültigin və Bilgə xaqan doğma qardaş olmuşlar. 731-ci ildə Kültigin döyüşlərin birində həlak olur. Kiçik qardaşının ölümündən çox kədərlənən Bilgə xaqan onun şərəfinə qəbirüstü abidə ucaltdırır. Abidənin mətni Bilgə xaqanın dilindən yazılmışdır. O bu mətndə xaqanlığın möhkəmlənməsi yolunda özünün və qardaşının xidmətlərindən, hərbi yürüşlərindən, qələbələrindən fərəhlə danışır, onun vəfatından kədərləndiyini bildirir. Dünya tarixində indiyədək heç bir hökmdar özündən həm yaşca, həm də vəzifəcə kiçik olan qardaşı haqqında belə səmimi sözlər deməmişdir: “Kiçik qardaşım Kültigin həlak oldu, çox-çox üzüldüm. Kədərimdən görür gözüm görməz, bilir ağlım bilməz oldu. Özüm düşündüm: zaman da, həyat da tanrının əlindədir. İnsan oğlu ölümlü doğulmuşdur. Göz yaşımı axıdaraq, qəlbimin sızıltılarını boğaraq düşüncəyə daldım. Bütün millətimin ağlamaqdan gözü kor olacaq deyə düşündüm”.


Kültigin abidəsindən sonra Bilgə xaqan özü üçün də abidə qoydurmuş və burada, özünün dediyi kimi, “türk millətinin, türk dövlətinin adı, sanı yox olmasın” deyə görülən işlərdən bəhs etmişdir: “Ey türk oğuz bəyləri, türk xalqı, eşidin! Üstdən göy çökmədikcə, altdan yer dəlinmədikcə türk ulusunu, türk yurdunu, türk dövlətini, türk törəsini kim dağıda bilər?! Su kimi axıtdığın qanına, dağlar kimi yığdığın sümüyünə (şəhidlərinə) layiq ol! Ey ölümsüz türk milləti, titrə və özünə dön!”


Orxon çayı sahilində tapılan ən böyük abidələrdən biri də Tonyukuk abidəsidir. Tonyukuk üç türk xaqanının – İltəris, Kapağan və Bilgə xaqanın vəziri, türk xaqanlığının ən bacarıqlı dövlət xadimlərindən biri olmuşdur. Abidədə göstərildiyi kimi, o, gəncliyində Çin sarayında təlim-tərbiyə almış, sonrakı illərdə döyüşlərdə və xaqanlığın xarici siyasətində əvəzsiz xidmətlər göstərmişdir.


Orxon-Yenisey abidələri qədim türk qəbilələrinin daşlaşmış tarixi, türk mədəniyyətinin və natiqlik sənətinin gözəl nümunəsidir. Çox vaxt “məzar poeziyası” adlandırılan bu yazılar türkdilli ədəbiyyatın zəmanəmizə gəlib çatmış ilk yazılı inciləridir.