Yumor

Molla Nəsrəddin səfərdə

Günlərin birində Molla Nəsrəddinlə oğlu səfərə çıxırlar. Molla uşağı eşşəyə mindirir, özü isə piyada gedir. Qarşıdan gələn bir dəstə adam gileylənir :“Bu da indiki cavanlar. Heç böyüyə hörmət etmirlər. O boyda sağlam cavan eşşəyə minib, ancaq yazıq qoca piyada gedir”.


Bu sözdən utanan uşaq eşşəkdən düşür, molla isə, əksinə, eşşəyə minir. Qarşıdan gələn başqa bir dəstə deyir: “Bunlara bir baxın! O boyda kişi eşşəyə minib, yazıq uşaq isə piyada gedir”. Bu sözdən sonra hər ikisi eşşəyə minir. Qarşıdan gələn başqa bir dəstə: “Bura bax ey... İki-iki adam minib eşşəyə, yazıq heyvan nəfəs ala bilmir”, - deyir. Camaatın sözün kəsmək üçün bu dəfə nə molla, nə də uşaq eşşəyə minir. Piyada yola düzəlirlər. Qarşıdan gələn digər  dəstə deyir: “Bu axmaqlara baxın. Günün altında piyada gedirlər, atıla-atıla gedən eşşəyə minmirlər” 


Axırda mollanın əlacı kəsilir, uzunqulağı dalına almalı olur...