22 iyul Dünya Beyin günüdür
Beyinlə əlaqəli xəstəliklərdən qorunma və beyin sağlığının önəminə diqqət çəkmək məqsədi ilə Dünya Nevroloqları Federasiyası 22 iyul tarixini Dünya Beyin günü kimi elan etmişdir.
Bildiyimiz kimi, insanların bütün fəaliyyəti, işgüzarlığı, istedadı, dünya görüşü, ağlı, düşüncəsi, yaradıcılıq qabiliyyəti bilavasitə beyinlə bağlıdır. Orqanizmi təşkil edən milyonlarla hüceyrə, toxuma və üzvlərin - sistemlərin qarşılıqlı əlaqələri və yararlı iş əmsalları beyin vasitəsilə tənzim olunur. Görmə, eşitmə, qoxu, dad bilmə və digər vacib hissiyyatların dərk edilib, müvafiq cavab reaksiyalarının verilməsi də beyinin fəaliyyətindən asılıdır. O, özünün ali mənsəbinə və vəzifəsinə uyğun olaraq orqanizmin ən uca nöqtəsində - başda yerləşir, kəllə sümükləri ilə hər tərəfdən əhatə olunub, möhkəm qorunur.
Beyin damarlarının divarlarına yağlı və yağabənzər maddələrin, xüsusən xolesterinin yığılıb-toplanıb çökməsi nəticəsində ateroskleroz xəstəliyi baş verir. Nəticədə beyin damarlarının divarları qalınlaşır, daralır, beyin hüceyrələri kifayət qədər qanla və oksigenlə təmin olunmur.
Hüceyrələr uzun müddət oksigen çatışmazlığına məruz qaldıqda isə bir sıra təhlükəli xəstəliklərə - ürəyin işemiki xəstəliklərinə, infarkta, insulta (beyinə qan sızması) əlverişli zəmin yaranır.
Vaxtaşırı baş ağrıları, baş gicəllənmələri, əsəbi gərginliklər, yaddaşın, yuxunun pozulmaları beyində oksigen çatışmazlığının ilkin əlamətləridir. Ahıl və qoca yaşlarda beyin damarlarının sklerozu daha bariz şəkildə təzahür edir. İnsanların qocalması ilk növbədə beyin damarlarının aterosklerozu nəticəsində yaranan oksigen çatışmazlığı ilə bilavasitə bağlıdır. Orqanizmi təşkil edən bütün sistemlərin beyinin müvafiq nahiyələrində xüsusi mərkəzləri mövcuddur. Bütün fəaliyyətlərimiz bu mərkəzlər vasitəsilə idarə və tənzim olunur.
22.07.2023