Bu maraqlıdır!

Hindistanın nəhəng və rəngarəng Ratufa sincabı

Hindistanın nəhəng Ratufa sincabı (lat. Ratufa indica) - nəhəng sincab cinsinə aid gəmirici növüdür. Hindistanın qarışıq yarpaqlı və yağıntılı həmişəyaşıl meşələrində yaşayır. Sincabın xarici görünüşü bütün diqqəti öz üzərinə cəlb edir. Belə ki, xəzi rəngarəng çalarlarla örtülüdür. Bu böyük gəmiricinin bədən uzunluğu - 36 sm, quyruğunun uzunluğu isə təqribən 61 sm-dir.

 

Bioloqların fikrincə, Ratufa indica növünün bir neçə alt növü var, ən məşhuru da — Malabardır.

 

Bu heyvanın ağac toxumlarının yayılmasında, ekosisteminin formalaşmasında mühüm rol oynadığı güman edilir.

 

Hindistanın nəhəng Ratufa sincabı atlayışlarla ağacdan ağaca keçir, bu arada 6 m. məsafəni qət edir. Ən çox gündüz fəaldır. Ratufa sincabı budaqlardan və yarpaqlardan istifadə edərək, yırtıcıların çata bilmədiyi nazik budaqların üztündə yuva qurur.

 

Ratufa indica dələsi ümumiyyətlə tək yaşayan heyvandır, yalnız nəsil yetişdirmək üçün bir araya gəlirlər.

 

Təhlükədə, Ratufa sadəcə qaçmaq əvəzinə, bir ağac gövdəsinə yapışaraq donur. Onun əsas düşmənləri yırtıcı quşlar və bəbirlərdir.

 

Qida rasionunu- meyvələr, çiçəklər, qoz-fındıq, ağac qabığı, hətta quş yumurtaları da təşkil edir.

 

Nəhəng dələ haqqında az məlumat olsa da, sayının azaldığı bildirilir. Hal-hazırda, Qırmızı Kitaba nəsli kəsilməkdə olan növ kimi siyahıya salınmasa da, təəssüf ki, bu sincablar real təhlükələrlə üzləşirlər.

 

Hindistanın bəzi bölgələrində qiymətli xəzləri üçün ovlanır və yaşayış yerləri tədricən insanın əli ilə məhv edilir. Bəzi ərazilərdə onlar artıq tamamilə yoxa çıxıblar.