Bu maraqlıdır!

Dəniz dovşanı: Jorunna parva

Görünüşcə bu dəniz sakini tüklü, sevimli, balaca bir dovşana bənzəyir, lakin bu məxluq «Jorunna parva» adlı dəniz ilbizidir. Olduqca zəhərli olan bu dəniz sakininin dovşanla oxşarlığı rəngi, uzun qulaqları və quyruğundadır.

 

Bu canlı ilk dəfə 1938-ci ildə Yapon bioloqu Kikutaro Baba tərəfindən Yapon sahillərinin sularında aşkar edildikdən sonra məşhur oldu.

 

İlbizin bədəni spikulalar adlanan kiçik iynəyə bənzər bir quruluşla örtülüdür, buna görə xəzlə örtülmüş kimi görünür. Bioloqların fikrincə həmin iynələr hissetmə sensorlarının rolunu oynayırlar.

 

Jorunna parva ilbizinin başında dovşanın uzun qulaqlarına bənzər iki antena var, bunlar əslində molyusun hissetmə orqanıdır, vəzifəsi - suda kimyəvi maddələri tapmaqdır ki, ilbiz onun sayəsində yemək tapır. İlbizin uzunluğu 2,5 santimetrə qədər çata bilər ki, bu da normal bir dovşanın ölçüsündən çox kiçikdir.

 

Jorunna parva ilbizi olduqca zəhərlidir və buna görə də özünü yırtıcılardan qoruya bilir. Dəniz dovşanları, digər ilbiz növləri kimi, erkək və dişi cinsiyyət orqanlarına malikdir. Bu ilbizlərin ömrü cəmi bir neçə aydır.

 

Jorunna ilbizi forma və rənginə görə olduqca müxtəlifdir və 27 alt növə malikdir. Jorunna parva cinsi ən çox dovşana bənzəyir, lakin cinsin digər üzvləri də cəlbedici və qeyri-adi görünüşə malikdirlər.

 

Dəniz dovşanı isti sularda - Cənubi Afrikadan Sakit Okeanın mərkəzi hissəsinə qədər uzanan sularda yaşayır.