Şeirlər

Nigar Rəfibəyli. Məstanın balaları

Gah ağaca dırmaşdı,
Gah divara dırmaşdı,
Gah damın üstə çıxdı,
Gah da çəpəri aşdı…
Qovdu ağ kəpənəyi,
Yoldu otu, çiçəyi…
Kərtənkələ, qurbağa
Qaçırdı sola-sağa,
Qarışqa dalında yük
Daşıyırdı yuvaya,
Gedirdi qarayürük
Elə bil ki, davaya…
Məstan təzə yerlərdə
Özünə yurd salmışdı,
Üç balası zənbildə
Yaddan çıxıb qalmışdı…

 

 


Gəzirdi həvəs ilə
Məstan evi, eşiyi,
Gözünə ilişəndə
Hərdən siçan deşiyi,
Marıtlayıb dururdu
Deşiyin qabağında,
Görün bir nələr vardı
Sevilgilin bağında.

 

 


Havada uçur arı,
Şütüyür kərtənkələ;
Tullanırdı qurbağa
Suyun yanında hələ…
Məstanın üç balası
Şirxan, Tərxan və Orxan
Zənbildən baş qaldırıb
Miyoldayırdı yaman…

 

 


Məstan atıldı, düşdü,
Oynaqladı doyunca,
Qaçdı xiyabanları
Qaçdı lap bağ boyunca…
Qaçdı, oynadı, qaçdı
Hey sevinə-sevinə,
Bura heç bənzəmirdi
Axı, şəhər evinə,
Hər yan açıq, bağ-bağat
Burda başqaydı həyat.

 

 


Məstan hey oynayırdı
Birdən duruxub durdu…
Gördü düşməni sərçə
Oturubdur budaqda..
Suyu çoxdan qurumuş
Bir quyu vardi bağda.
Məstan tez atıldı ki,
Qalxıb sərçəni tutsun,
Ağacda cik-cik edən
Sərçəni boğub udsun…

 

 


Ancaq mayallaq aşıb,
Özü quyuya düşdü.
Qaranlıqda qorxudan
Onun qanı uyuşdu…
Quyuda hər yan qara,
Bir qaranlıq çökmüşdü
Elə bil divarlara…

 


Məstan lal – cim dayandı…
Qorxdu, ürəyi yandı…
Sevil gördü bu halı,
Qışqırdı bərkdən Sevil.
Quyuya Məstan deyil,
Özü düşdü elə bil…
Gəlin, gəlin, ay aman,
Quyuya düşdü Məstan…
– Az atılıb – düşəydi, –
Deyə deyindi nənə,
Ürəyində acıdı
Ancaq Məstana yenə.

 



Yığıldılar qonşular
Hamı quyu başına,
Bir kəndir bağladılar
Lal quyunun daşına
Kəndirin də ucuna
Bağladılar bir zənbil
Zənbilə ət və çörək
Qoyub salladı Sevil…
Salladı ki, quyuya-
Məstan yeməyi görcək
Zənbilə girsin guya…

 



Lakin Məstan baxmadı
Zənbildəki şeylərə,
Bir məsləhət verirdi
Quyu başında hərə…
Sevil xeyli səslədi
Çox çağırdı Məstanı,
Məstan isə elə bil
Unutmuşdu dünyanı…

 


Nə çorəyə, nə ətə
Gözlə baxmırdı Məstan…
Nənə yerindən qalxıb
Yaxın gəldi bu zaman,
Pişik balalarının
Haman zənbilə yığdı…
Şirxan, Tərxan və Orxan
Hamı bir yerə sığdı…

 


Salladılar yenidən
Quyuya bu zənbili,
Elə bil ki, Məstanın
Birdən açıldı dili.
Balalarını gördü,
Cumub zənbilə girdi…
Elə bil ki, yadından
Çıxdı bayaqkı dərdi…
Körpələri yaladı,
Miyoldadı o ki var…

 


Bu zaman yuxarıdan
Kəndiri tez dartdılar
Çıxartdılar Məstanı,
Yanında balaları…
Gördü Sevili Məstan,
Atıldı ona sarı.
Ana, bala pişiklər,
Hey yalaşıb doydular,
Kor quyunun ağzına
Uşaqlar daş qoydular.