Şeirlər

Hikmət Ziya. Birinci zəng

Nə mehriban səs gəlir!
Bu səs mənə tanışdır.
Onu şirin mahnıtək,
Qəlbim unutmamışdır.

 

O nə bahar çağında
Daşan çayın səsidir;
Nə budaq-budaq gəzən
Quşların nəğməsidir.

 

 

Boy atdıqca bilirəm,
Nə məna var bu səsdə.
Min xoş arzu, xoş istək
Tutmuş qərar bu səsdə.

 

Yerin dərin qatından
«Qara qızıl» alanlar,
Xəzərin qucağında
Bu gün şəhər salanlar.

 

«Ulduzlar» göndərənlər
Ayın, Günün yanına
Bir zaman mənim kimi
Qulaq asmışlar ona.

 

... Sentyabr səhəri!
Məktəbə yollanıram.
Bir işıqlı binanın
Yanında dolanıram.

 

Yenə qulaqlarıma
O mehriban səs gəlir.
Gözlərimə gur işıq
Qəlbimə həvəs gəlir.

 

Odur, doğma məktəbin
İlk zəngidir dil açan!
Odur, hər xoş nəğmədən
Daha əziz, mehriban.

 

İlk zəng!.. Yenə də səslən
Ürəkləri oxşa sən.
Sinfə çağır sən bizi,
Gəlirsən çox xoşa sən.

 

Bir an unutmaz səni,
Qələm tutan, söz yazan.
Sən elmin yollarında
Yorulmaz nəğməkarsan!