Bu maraqlıdır!

Ad gününün tarixçəsi

İndi hamının qeyd etdiyi ad gününü əvvəllər yalnız fironlar və onların oğlan övladları keçirirmiş. İlk ad günləri Misirdə qeyd olunmağa başlanıb. Tarixdə yer alan ilk doğum günü yığıncağı Miladdan 3000 il əvvəl yaşamış bir Misir fironuna aiddir. Bu cür tədbirlərdə ailə, dostlar, xidmət çilər, hətta kölələr də iştirak edirmişlər.

 

İndiki ad günlərimizin ideyası necə yaranıb?

 

Avropada indiki kimi ad günlərinin keçirilməsi on ikinci yüzillikdən sonra başlayıb. Yunanların tort kəsmə adəti sonralar almanlara da keçib. Ancaq tort dedikdə, indi yediyimiz “mərtəbəli”, bol kremli, bəzəkli şirniyyat ağlınıza gəlməsin. O zamanların tortu indinin “keks” formasında olub.

 

Bizim bildiyimiz tortlar isə XIII əsrdə Almaniyada yaranıb. Almanlar uşaqlarına indikindən də çox diqqət yetirirmişlər. Uşaqların ad günləri az qala festival kimi keçirilirmiş. Səhər sübh yeri ağarmağa başlayan vaxt uşaq yuxudan oyadılırmış. Tortun üzərindəki şamlar axşam yeməyinə qədər daim dəyişdirilərmiş. Axşam yeməyində uşaq şamları  üfürərək söndürür və bayram başlayarmış. Tortun üzərində uşağın yaşından bir ədəd artıq şam qoyularmış. Bu da bir gün “sönəcək” həyatın işığını göstərərmiş. Uşağa həmin gün çoxlu hədiyyələr gələr, ən sevdiyi yeməklər bişirilərmiş. Ad günündə tortun üzərindəki şamları üfürərkən arzu tutmaq və onu heç kimə söyləməmək adətləri də almanlardan keçmişdir.