Təbiət

Şəkər Posumu

Şəkər posumu və ya şəkər uçan sincab (lat. Petaurus breviceps) – Avstraliya meşələrinin kisəli və məməli heyvanıdır.

 

Görünüşündə dələ ilə güclü bir bənzərliyi var. Heyvanın miniatür ölçüsü var: bədən  21 sm-ə qədər, quyruğu - 16.5-21 sm, çəkisi isə 170 qr-dan çox deyil.

 

 

Heyvan təbiətdə meyvələrlə qidalansa da ev şəraitində (əsirlikdə) adətən bal və ya südsuz körpə qidaları ilə qidalanır. Şirniyyat sevgisinə görə  "şəkər sincab" ləqəbini alıb.

 

 

Şəkər posumu sıx, məxmər xəz ilə örtülüdür, quyruğu bədən ölçüsünü aşır və tüklüdür. Başı kiçik, qulaqları və gözləri isə böyükdür.

 

 

Şəkər posumunun yaşayış arealı: Avstraliya (şimalda və şərqdə), Tasmaniya və Bismark arxipelaqı, eləcə də Yeni Qvineyanı və ona bitişik adaları əhatə edir. Adətən müxtəlif meşələrə üstünlük verirlər, lakin tez-tez plantasiyalarda və ya kənd bağlarında belə rast gəlmək mümkündür. Gün ərzində heyvan yatmağa üstünlük verir və yalnız alaqaranlıq başlayan zaman nadir hallarda yerə enərək ağacdan ağaca keçir. Ön və arxa əzalar arasında uzanan xüsusi bir membran sayəsində havada "uçmağı" bacarır. Bir tullanışa 50 metr məsafə qət edə bilər.

 

Şəkər posumu qrup şəklində yaşayır. Bir qrupda 7-20 fərd ola bilər. Qrupa dominant erkək rəhbərlik edir. İyun-iyul aylarında cütləşmə mövsümü başlayır, və, bütün kisəlilər kimi, onun hamiləlik müddəti qısa olur. 15-17 gün sonra bir-üç körpə dünyaya gəlir və hər biri düyü dənəsi böyüklüyündə olur. Bundan sonra dişilər balalarını kisələrində daşıyırlar. Körpələr kisədə 60-70 gün inkişaf edirlər. Ancaq bununla da bitmir: körpələr kisəni tərk etdikdə belə, ana ətraf mühitə uyğunlaşmasına kömək edir.

 

Təbiətdə şəkər posumu təxminən doqquz il yaşayırsa, əsirlikdə 12 və ya daha çox yaşayır.