Mədəni irsimiz

Əmək alətləri necə meydana gəldi

Ən qədim insanlar əmək alətlərini, əsasən, daşdan düzəldirdilər. Ona görə də bəşər tarixinin ilk dövrü daş dövrü adlanır. Daş dövrü üç mərhələyə bölünür: qədim daş dövrü; orta daş dövrü; yeni daş dövrü.


İnsanlar əmək alətlərini ilk vaxtlar sərt daşlardan hazırlayırdılar. Lakin sonralar əmək alətlərini asanlıqla parçalana bilən çaxmaqdaşından, vulkanik şüşədən hazırlamağa başladılar. İnsanlar bu materiallardan kəsici alətlər, nizəyə bənzər silahlar düzəldirdilər.

 

Daşı daşa vurmaqla onları xırda hissələrə parçalayırdılar. Parçalanmış daşın iti tərəfi ilə əti kəsib doğramaq, sümükləri sındırmaq, ağacların ucunu itiləmək mümkün idi. Belə iti daşlardan düzəltdikləri əl çapacağı və ağac dəyənək vasitəsilə insanlar özləri üçün qida əldə edirdilər.

 

Orta daş dövründə əmək alətləri xeyli təkmilləşdi. İnsanlar ox və kamanı ixtira etdilər. Ovçuluq insanların həyatında mühüm yer tutdu.

 

Ox və kaman iri, təhlükəli heyvanları uzaqdan asanlıqla ovlamağa imkan yaradırdı. Sümükdən harpun adlanan alətin hazırlanması balıq ovunun daha da asanlaşmasına səbəb oldu.


Qədim insanlar nizə, ox və kamanla heyvan ovlayırdılar. Harpunla balıq tutur, sümüyündən iynə, ox ucluğu düzəldirdilər.

 

Orta daş dövründə insanlar əkinçiliklə də məşğul olmağa başlamışdılar. Onlar ağacdan düzəltdikləri ucu şiş alət — toxa ilə torpağı yumşaldıb toxum əkir, heyvan sümüyündən hazırlanmış oraqla məhsulu biçirdilər. Yeni daş dövründə qədim insanlar əmək alətərini daha da təkmilləşdirdilər. Toxa əkinçiliyi inkişaf etdi.

 

Min illər bundan əvvəl insanlar metalı kəşf etdilər. Mis qədim insanın tanıdığı ilk metal idi. Metal emalının kəşfi daha mükəmməl əmək və ov alətlərinin meydana gəlməsinə səbəb oldu. İnsanların həyatı xeyli dəyişdi. Lakin mis yumşaq metal olduğuna görə ondan hazırlanmış əmək alətləri tez korlanırdı. Buna görə də qədim insan daha möhkəm alətlər hazırlamaq üçün daim axtarışlar aparırdı. Zaman keçdikcə o, misi əridib tərkibinə müxtəlif maddələr qatmaqla tunc əldə etməyi öyrəndi.

 

Tunc misə nisbətən möhkəm metal idi. Tunc alətlərdən istifadə insanların həyatını asanlaşdırırdı. Əkin sahələri genişlənir, məhsuldarlıq artırdı.

 

Tunc dövründə insanlar bağçılıqla, bostançılıqla, üzümçülüklə və şərabçılıqla da məşğul olurdular. Arxeoloqlar ölkəmizin bir çox yerlərində qazıntılar aparan zaman ağacdan, misdən və tuncdan düzəldilmiş əmək alətləri, bəzək əşyaları, silahlar, qablar və başqa əşyalar aşkar etmişlər. Əmək alətləri içərisində ən əhəmiyyətlisi xış idi. Beləliklə, əmək alətlərinin köməyi ilə insanlar özlərini qida ilə daha yaxşı təmin edirdilər.
Sonralar insanlar filiz yataqları aşkar etdilər. Tunca nisbətən daha möhkəm və keyfiyyətli metal — dəmir kəşf olundu.

 

Dəmirdən mükəmməl alətlər düzəldilirdi. Belə əmək alətləri ilə bərk torpağı şumlamaq, kanallar və arxlar çəkmək və digər işləri görmək daha asan idi. İstehsal olunan məhsul sürətlə artırdı. Daha nüfuzlu insanlar: qəbilə başçıları, kahinlər artıq qalan məhsulu mənimsəyib varlanırdılar. İnsanlar arasında bərabərsizlik yaranırdı. Beləliklə, cəmiyyətdə varlılar və kasıblar meydana gəldi. Cəmiyyət inkişaf etdikcə bərabərsizlik daha da dərinləşirdi. Bərabərsizliyin nəticəsində sonralar dövlətlər yarandı. Dövlətin yaranmasında bərabərsizliyin nə üçün vacib olmasını sən gələcək dərslərdə öyrənəcəksən.