20 Oktyabr – Beynəlxalq Kulinariya Günüdür
Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-i Beynəlxalq Kulinariya Günü kimi elan edilməsi haqda qərar qəbul edib.
Beynəlxalq Kulinariya Günü Azərbaycanda 20 oktyabr 2007-ci ildən etibarən təntənəli şəkildə qeyd olunur. Beynəlxalq Kulinariya Gününün bayram kimi keçirilməsi ona görə əhəmiyyətlidir ki, gənc nəsil Azərbaycanın milli kulinariyasının sirlərinə bələd olur, gələcəkdə ölkənin hüdudlarından kənarda xalqı layiqincə təmsil etmək imkanı qazanır.
Hər xalqın özünəməxsus tarixi, ədəbiyyatı, folkloru, milli adət-ənənəsi olduğu kimi, özünəməxsus mətbəxi də mövcuddur. Xalqımızın milli mətbəx mədəniyyətinin öyrənilməsi və təbliği ilə məşğul olan Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) isə 1991-ci ildə yaradılıb. Bu təşkilat 1992-ci ildən Ümumdünya Kulinariya Təşkilatları Birliyinin üzvüdür.
Ölkəmiz keçmiş SSRİ ərazisindən və Türk dünyasından bu quruma qəbul edilən ilk dövlət olub. 1993-cü ildə Azərbaycan komandası ilk dəfə Maltada keçirilən Dünya kulinariya çempionatına qoşulub və qızıl medalla vətənə dönüb. Çünki Milli Kulinariya Mərkəzi yarandığı gündən aparıcı kulinarları, səliqə-sahmanı və bu sahədə yaradıcılıq fantaziyası olan mütəxəssisləri ətrafında birləşdirib. Qatıldığı bütün yarışlarda birinciliyi əldən verməyən milli kulinariya ustalarımız dünyanın bir neçə ölkəsində xalqımıza məxsus zəngin mətbəx mədəniyyəti nümayiş etdiriblər. Hətta Malta Prezidenti Qvide de Marko, İngiltərə şahzadəsi Anna azərbaycanlı kulinarların əl qabiliyyətinə heyran qalmış, onları qəbul etmiş, mükafatlandırmışlar. Kulinariya özü də bir yaradıcılıqdır. Ölkəmiz 1998-ci ildən YUNESKO-nun Xalq Yaradıcılığı Təşkilatının da üzvüdür.
Azərbaycanın mətbəx tarixinə, mədəniyyətinə də qısqanclıqla yanaşan bədnam qonşularımız bir neçə beynəlxalq yarışlarda xalqımıza məxsus xörəkləri, şirniyyatları və süfrəbəzəmə ənənələrini öz adlarına çıxaraq erməni mətbəxi kimi dünyaya tanıtmaq istəmişlər. Lakin həmin yarışlara qatılan, bəzən də həmin tədbirlərdə münsif kimi çıxış edən AMKM mütəxəssisləri isə tezliklə bunun qarşısını almışlar. Nəticədə erməni jurnalistləri və bu sahənin alim və mütəxəssisləri bəzi dünya yarışlarından təcrid edilmişlər.
20.10.2023