Xəbərlər

31 oktyabr – Dünya Şəhərlər Günüdür

Oktyabrın 31-də Dünya Şəhərlər Günü qeyd olunur. Hazırda dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır. Bununla əlaqədar Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş müraciətində qeyd edib ki, sürətli urbanizasiya ətraflı düşünülməlidir, yalnız bu halda əhalinin məşğulluğunun və rifahının yaxşılaşdırılmasına nail olmaq mümkündür.

 

AZƏRTAC bu barədə BMT-nin saytına istinadla xəbər verir.

 

Bu gün planetin bütün sakinlərinin 55 faizi şəhərlərdə yaşayır. 2050-ci ilədək planetin əhalisinin 75 faizi şəhərliyə çevriləcək. Şəhər sakinlərinin sayının sürətli artımı, həmçinin sənayeləşdirilmə sahəsində yeni imkanların açılmasını vəd edir. Lakin bununla yanaşı, bu şəhərlərin əhalisinin həddən artıq olması, qeyri-bərabərliyin artması və ətraf mühitin çirklənməsi ilə nəticələnəcək. Azərbaycanda əhalinin 52,8 faizi şəhərdə, 47,2 faizi isə kənd yerlərində yaşayır.

 

 

 

Bu gün dünyada əhalinin ən sıx yerləşdiyi şəhər aqlomerasiyası 37,2 milyon nəfərlə Tokio hesab edilir. Sonrakı yerləri Dehli (22,7 milyon), Mexiko və Nyu-York (hər ikisi 20,4 milyon), Şanxay (20,2 milyon) və San-Paulu (19,9 milyon) tutur.