Təbiət

Vəhşi pişik Yaquarundi

Yaquarundi (lat. Puma yagouaroundi) — puma cinsinə aid vəhşi pişik növüdür. 


Yaguarundi kiçik bir pumaya bənzəyir, yalnız pumadan fərqli olaraq o, daha dostcanlıdır. Cənubi və Mərkəzi Amerikada yaşaymasına baxmayaraq, ABŞ-ın Cənub hissəsində də rast gəlinir. 


Yaguarundi ilə münasibət qurmaq, onu əhliləşdirmək asandır. Bəzi hallarda ev heyvanı kimi də saxlanılır. 


Yaguarundi ətdən savayı meyvə yeyən bəlkə də yeganə pişikdir. Bəzən Panamada yaquarundilər yerli meymunlarla dostluq edir və birlikdə banan və əncir əkinlərinə basqın edirlər. Meymunlar ağaclardan meyvələr qırıb yerə atır, pişiklər isə yerə düşən meyvələri yığıb yeyirlər.


Yaquarundi normal bir ev pişiyinin ölçüsündədir, lakin daha uzun və elastikdir. Bədən uzunluğu 55-77 sm, quyruğu 33-60 sm, hündürlüyü 25-35 sm, çəkisi isə 4,5-9,0 kq ağırlığındadır. Başı kiçik və yuvarlaqdır. Qulaqları kiçik, yuvarlaq, ağzı isə balacadır. Bu pişiklərin xəzi qəhvəyi və parlaq qırmızı rəngdədir.


Pişik ailəsinin əksər nümayəndələrindən fərqli olaraq, yaquarundi axşamlar deyil, gün işığında fəal həyat tərzi sürür.


Cənubi Amerika iqliminin xüsusiyyətlərinə görə, yaquarundi ilin istənilən vaxtında çoxala bilər. Ümumiyyətlə, yaquarundi 2-4 bala dünyaya gətirir.


Yaquarundinin ovçular üçün heç bir dəyəri yoxdur, lakin ABŞ-da bu heyvanların yaşadığı meşələr yoxa çıxdığından, sayı sürətlə azalır. Yaguarundi nəsli kəsilməkdə olan pişiklər arasındadır.