Xəbərlər

15 yanvar - Beynəlxalq Vikipediya Günüdür

Yanvarın 15-i dünyada Beynəlxalq Vikipediya Günü kimi qeyd olunur.

 

İnternetdə uğurla reallaşdırılan və milli maraqlar baxımından böyük əhəmiyyət kəsb edən “Vikipediya” onlayn ensiklopediyası 2001-ci il yanvarın 15-dən fəaliyyətə başlayıb və qısa müddət ərzində internetin ən populyar layihələrindən birinə çevrilib. “Vikipediya” internetdə açıq şəkildə yayımlanan, dünyanın bir çox dillərində viki texnologiyasının tətbiqi ilə könüllü istifadəçilər tərəfindən yaradılan, biliklərə əsaslanan, bilavasitə veb-brauserdən idarə olunan çoxdilli, əməkdaşlığa əsaslanan onlayn ensiklopediyadır.

 

ABŞ-ın Ohayo Universitetinin fəlsəfə doktoru Larri Senger və amerikalı sahibkar Cimmi Uels tərəfindən təsis olunmuş “Vikipediya” müasir dövrdə internet məkanında fəaliyyət göstərən yüz milyonlarla sayt sırasında istifadəçi və müraciətlərin sayına, informasiyanın həcminə görə ən yüksək reytinqə malikdir. “Vikipediya”ya müraciət edənlər buradan yalnız ensiklopedik məlumatlar deyil, eyni zamanda, səhifələrə daxil edilmiş media-fayllar, animasiyalı sxemlər, üçölçülü obyektlər, interaktiv panoramlar da əldə edirlər.