Nağıllar, hekayələr

Ağıllı sövdəgər

Əlişir atasını çox erkən itirmişdi. Həddi-büluğa çatanda o, Səmərqəndə oxumağa getdi. Aylar, illər keçdi. Əlişir təhsilini başa vurub yenidən doğma şəhərinə qayıtdı. O, atsız-ulaqsız, pay-piyada uzun yolu gələrkən çöldə bir çobana rast gəldi. Gördü ki, bu, onun atasının çobanıdır. Çoban da onu tanıdı, bir qab südə çörək doğrayıb Əlişirə verdi.

 

- Atacan, bu qoyunlar kimindir? - deyə Əlişir soruşdu.

 

- Oğul, bu qoyunların hamısı sənindir, rəhmətlik atandan qalıb, artıb - törəyib. Atan sağlığında mənə saxlamağa iki yüz qoyun vermişdi. İndi qoyunların sayı yeddi yüzü keçib. Artıq qayıdıb gəlmisən, qoyunlarını da apar.

 

Əlişir bir neçə gün çobanın evində qonaq qaldı, gedəndə qoyunlardan iki yüzünü ayırıb çobana verdi, dedi:

 

- Atacan, bu qoyunlar sizə zəhmət haqqı.

 

Əlişir qalan beş yüz qoyunu qabağına qatıb bazara gətirdi. Kök yaylaq qoyunlarını görən alıcılar dərhal Əlişirin başının üstünü kəsdilər.

 

- Qoyunları neçəyə satırsan? - deyə soruşdular.

 

- Mən qoyunları nisyə verirəm. Bir şərtlə ki, padşah ölən günü pulunu sizdən alacağam. Kim şərtə razıdırsa, bir qoyun götürüb getsin.

 

O saat hərə bir qoyun götürüb getdi. Bu qəribə sövdəgərin xəbərini həmin gün padşaha çatdırdılar:

 

- Şahım, bəs deməzsən, bazara bir qələndər gəlib, - beş yüz qoyunu camaata nisyə verdi. Pulunu padşah ölən günü verərsiniz, - dedi.

 

Sultan Hüseyn bu xəbəri eşidəndə bərk qəzəbləndi, əmr etdi ki, qələndəri tutub onun yanına gətirsinlər. Padşah baxdı ki, qələndər onun uşaqlıq dostu Əlişirdir.

 

- Dostum, nəyə görə bu qədər qoyunu camaata nisyə verdin? Axı mənim ölümüm sənin nəyinə lazımdır? - deyə Sultan Hüseyn ondan soruşdu.

 

- Sultanım, mən heç bir pis iş görməmişəm, əksinə, sənin padşah olduğunu bilib, qoyunları camaata paylamışam. Mən qoyunları şərtsiz də verə bilərdim. Ancaq bəzi adamlar müftə malın qənimidirlər. Ona görə də qoyunların pulunu padşah ölən günü verərsiniz, dedim. İndi qoyunları müftə alanlar, sövdəgər pulunu almasın deyə, gecə-gündüz dua edəcəklər ki, sizin ömrünüz uzun olsun.

 

Sultan Hüseyn Əlişirin ağlına, sədaqətinə heyran oldu. Elə həmin gün də, Əlişiri özünə baş vəzir təyin etdi.