Bu maraqlıdır!

Krouli gölünün sirli sütunları

1941-ci ildə ABŞ-ın Kaliforniya ştatındakı Krouli gölünün sahilində spiral şəkilli daş sütunlar aşkar edilmişdir. Bu qeyri-adi sütunların hündürlüyü təxminən 6 m-dir. Sütunların bir-birinə tağlarla birləşməsi onları qədim memarlıq binalarına bənzədir.

 

Hesablamalara görə, təxminən 5000 belə daş sütun 4 min hektar ərazidə yerləşir.

 

Alimlərin fikrincə, təbiətin bu möcüzəsi məhz qar əriməsi nəticəsində əmələ gəlmişdir. Belə ki, soyuq su 760.000 il əvvəl güclü partlayış nəticəsində yaranan isti vulkanik küldən sızaraq qayada spiral şəkilli sütunlar əmələ gətirmişdir.

 

Krouli gölünün daş sütunları forma, ölçü və rəng baxımından fərqlənən qruplara bölünür. Bəzi sütunlar isə heykəllərə, daş qalalara bənzəyir. Bütün bu sütunlar o qədər sirli və o qədər ideal görünür ki, bu labirintlərin insan tərəfindən deyil, təbiət tərəfindən yaradıldığına belə inanmaq çətindir.