Nağıllar, hekayələr

Mirzə İbrahimov. Qara şanı

Axşamüstü idi. Seyranın atası işdən qayıtmışdı. Eyvanda oturub çay içirdi. Birdən gözləri uşaqların top zərbələri altında titrəyən qoca meynəyə sataşdı. Qaşlarını çatıb fikirləşdi və dedi:

 

- Mən bu qoca meynəni dirildəcəyəm, cavanlaşdıracağam, hətta sizə üzüm də verəcəyəm.

 

Atası eyvandan həyətə düşdü. Seyranı da çağırdı. Bu zaman Seyranın məktəb yoldaşı Səfər də onlarda idi. O da Seyranla aşağı endi. Atası hardansa dəstəyi sınıq bir bel tapdı. Meynənin dibini belləyib açdı. Sonra mişarla onun qara kötüyünü, gömgöy nazik çubuqlarını kəsdi. Üstündə yeganə bir çubuq saxladı.

 


- İndi su gətirin! - dedi.

 

Seyrangil həvəslə ataya kömək edirdilər. Qaçıb evdən vedrə gətirdilər, su doldurub meynənin dibinə tökdülər; torpağı doydurana qədər su daşıdılar.

 

- İndi gəlin talvar düzəldək, qara şanı talvarı sevir! - deyib atası həyətin küncünü göstərdi.

 

Kimin əlinə nə gəldi bura atdığından, bura dəmir-dümürlə, taxta parçaları ilə dolu idi.

 

- Seçin, az-çox yararlı taxta parçalarını və məftilləri zir-zibildən ayırın! - deyə atası göstəriş verdi. Seyrangil həvəslə işləyirdilər.

 

İyirmi dəqiqə keçməmiş, onlar xeyli yararlı taxta və məftil ayırdılar. Atası talvar düzəltməyə başladı. Seyranla Səfər ona kömək etdilər. Talvar hazır olanda ata çubuğu qaldırıb məftilə ilişdirdi:

 

Bircə ilə bütün həyəti basacaq, həm kölgə salıb bizi yayın istisindən qoruyacaq, həm də dadlı şanıya qonaq edəcək ...

 

Doğrudan da, o biri ilin yazında, may girib havalar qızanda meynə qol-budaq atdı. Çox keçməmiş talvarı tutdu.

 

Yamyaşıl və iri yarpaqları ilə həyəti çətir kimi örtüb günəşin yandırıcı şüalarını aşağı buraxmadı. İyun ayının ortalarında isə noxud boyda göy gilələrlə dolu salxımlar talvardan aşağı sallanırdı. Ata canlanmış meynəyə və bu salxımlara baxıb qürurla deyirdi:

 

- Hə, gördünüz ki, qara şanı necə şeydir! Əmək itirən deyil, bir versən, on dəfə artığı ilə qaytaracaq.