Şeirlər

Bəxtiyar Vahabzadə. Sənə üzük nə gərəkdir

Məktəbli qiz, əynindəki
Nə şifondur, nə gülməxmər.
Lakin gözəl görünürsən
Bu paltarda sən nə qədər!..

 

Bu məktəbli paltarında
Nə böyük bir sadəlik var,
Dərs oxuyan qızcığaza
Yaraşarmı, heç modalar ?!

 

Bir geyimdə, bir biçimdə
Siz məktəbə gedən zaman,
Elə bil ki, səf düzülür
Göydə durna qatarından.

 

Sən məsələ həll edəndə,
Tər üzündən axır dən-dən.
Bu dənələr qiymətlidir,
Min pay soyuq mirvaridən.

 

Sənə üzük nə gərəkdir,
Hələ deyil onun yeri.
Barmağının üzüyüdür,
O mürəkkəb ləkələri