Bu maraqlıdır!

Qurban bayramı

Xalqımızın yaddaşında yaşadıb saxladığı, hər il həcc ziyarəti, ibrətamiz mərasimləri və ritualları ilə təntənəli şəkildə keçirdiyi belə böyük bayramlardan biri də Qurban bayramıdır. 

 

Məlumdur ki, Qurban bayramı İbrahim peyğəmbərin həyatında baş vermiş bir hadisə ilə bağlıdır. Peyğəmbər ahıl yaşına gəlib çatmışdı, ancaq oğul övladı həsrəti qəlbini yandırıb-yaxmaqda idi. Bu barədə dünya xalqlarında çoxsaylı rəvayət və əfsanələr yayılmışdır. Xalqımız tərəfindən yaradılmış və vaxtilə Naxçıvan ərazisində yazıya aldığımız əfsanədə deyilir: "Bir gün İbrahim peyğəmbər sübh namazını qılandan sonra üzünü  Rəbbin dərgahına tutaraq dedi:

 

- Ya Rəbbim, üzümü ucalardan uca dərgahına tutaraq ulu diləyimi cənabımıza ərz edirəm ki, bu ahıl yaşımda qəmli halıma, ürəyimdə illərlə gəzdirdiyim, bir kimsəyə bəyan edə bilmədiyim dərdimə, bir də vəfalı Saramın gecə-gündüz axıtdığı göz yaşlarına rəhm edib bizə bir oğul övladı payı verəsən. Əhd edirəm ki, bu övladım 14 yaşına çatanda onu dərgahına gətirib öz əlimlə sənin yolunda qurban kəsəcəyəm.

 

Bu əhvalatdan 9 ay, 9 gün, 9 saat keçəndən sonra İbrahim peyğəmbərin gözəl-göyçək bir oğul övladı dünyaya gəldi. Sara onun adını İsmayıl qoydu.

 

İllər gəlib keçdi, İsmayıl 14 yaşına çatdı. İbrahim peyğəmbər əhdini unutdu. Həzrət Cəbrayıl İsmayıla göylərdən vəhy gətirdi, İsmayıl bu barədə peyğəmbərə xəbər verdi və onu vədini yerinə yetirməyə çağırdı.

 

Peyğəmbər əhdini unutduğuna görə bir neçə gün özünü döyüb ağladı. Güman etdi ki, İsmayılın bağışlanması barədə ona vəhy gələcək, gəlməyəndə xatırladı ki, əhdi pozmağı, vədə xilaf çıxmağı Rəbbi ən böyük günah hesab etmişdir. Özünə toxtaqlıq verib günahını yumağa hazırlaşdı. Peyğəmbər əvvəlcə İsmayıl üçün ulu toy çağırdı, qırmızı libas geydirib oğlunu taxta əyləşdirdi. Bütün oba İsmayılın toyuna təşrif gətirdi. Hamı onun taxta çıxmasını alqışladı. Sonra peyğəmbər İsmayıla bir neçə dəst ağ və qırmızı libas alıb Mina dağına yola düşdü. Özü də altdan-üstdən yaraqlanmış, özünə qılınc-qalxan götürmüşdü. İsmayılı atının tərkinə alıb vədini yerinə yetirməyə yollandı. Sara soruşdu:

 

- İsmayılı hara aparırsan?

 

Peyğəmbər dedi:

 

- Minaya ibadətə gedirik.

 

Sara haray-həşir qopardı:

 

- Ya İbrahim, bəs bu yaraq-yasaq nədir vurmusan belinə?

 

Peyğəmbər cavab verdi:

 

- Minanın yolu bədəvi quldurlarla doludur. Yaraqlar özümüzü qorumaq üçündür.

 

İbrahim peyğəmbər Mina dağına çatan kimi axtarıb bir palıd ağacı tapdı. Onun yoğun bir budağını kəsib kötüklədi. Sonra onu hamarladı. İsmayıla təzə ağ libaslarından birini geyindirdi.

 

Peyğəmbər dili dolaşa-dolaşa, əli əsə-əsə İsmayılın gözlərini bağladı. Onu oxşayıb ağladı, sonra ehmalca uşağın başını kötüyün üstünə qoydu. Ancaq qılıncı uşağın boynuna vurmağa əli qalxmadı. Birdən oğlunun gur səsini eşitdi:

 

- Tələs, ata! Ləngimə, Allah qarşısında əhdini yerinə yetir!

 

Peyğəmbər özündə güc tapıb qılıncı çəkdi ki, əhdini yerinə yetirsin.  Amma əli əsdi, qılınc əlindən yerə düşdü. İkinci dəfə qılıncı çəkəndə də onu əlində saxlaya bilmədi, qılınc ovcunda fırlanıb taxtaya çevrildi. Qeybdən həzrət Cəbrayılın səsi gəldi:

 

- Ya Peyğəmbər, İsmayılın gözlərini açıb ayağa qaldır, ağ libasını çıxar, qırmızısını geyindir. Allah-taalanın göndərdiyi qara qoçu qurban kəs, Rəbbim insan qurbanlığını yasaqladı. O kəsdiyin qurbanın ətindən özün yemə, yeddi naümidin qapısına qurban payı göndər, qalanını da bədəvilər arasında bərabər böl.

 

Bununla da o gündən etibarən insanın qurban kəsilməsinə son qoyuldu. Bayramın bir çox adət-ənənə və mərasimləri onun başlıca rəmzi olan qurbankəsmə çevrəsində cəmləşdi.

 

İsmayıl isə Kəbə evinin baş mühafizi oldu. Müqəddəs Kəbəni dünya müsəlmanlarının ulu səcdəgahına çevirdi.

 

Qədim təqvim görüşlərinə əsasən hər il yerini dəyişib başqa aya düşən Qurban bayramının silsilə ayin və mərasimləri yarandı. Onlar bu gün Allaha inamın ifadəsi kimi davam etməkdə, yeni-yeni ənənələr, görüş və etiqadlarla zənginləşməkdədir.

 

Hər il bayram ərəfəsində yüz minlərlə mömin insan, o cümlədən bir çox həmvətənlərimiz həcc ziyarətinə gedib müqəddəs torpaqda qurban kəsir, şərin rəmzi olan şeytana daş atır, qalan müsəlmanlar isə Qurban bayramını öz yurdlarında qeyd edirlər.