Odlar Yurdu

Bakının memarlıq inciləri

Bakı şəhəri Azərbaycanın paytaxtı, Xəzər dənizinin mirvarisi, Qafqaz bölgəsində ən böyük ticarət və mədəniyyət mərkəzidir. Bakının salındığı tarix dəqiq məlum deyil. Abşeron yarımadası ərazisində - Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan və başqa ərazilərdə tapılan və eramızdan əvvəl  III-I minilliklərə aid arxeoloji abidələr şəhərin qədim yaşayış məskəni olduğunu sübut edir.  
 
Tarixən Bakı Şərqin iri şəhərlərindən olub, Şərq və Qərb arasındakı ticarət əlaqələrində körpü rolunu oynayıb. Ticarət yolayrınin üzərində yerləşməsi, sənətkarlığın inkişafı şəhərin çiçəklənməsinə şərait yaradıb. Bakının memarlıq baxımından qiymətli bir sıra tikililəri şəhərin müasir görkəminə məxsusi gözəllik qatır. Onların arasında məşhur milyonçu Murtuza Muxtarovun 1912-ci ildə öz həyat yoldaşı Liza xanım üçün Venesiya üslubunda tikdirdiyi və hazırda "Səadət sarayı" kimi tanınan bina xüsusi yer tutur. Hər sütunu, pəncərə və qapıları təkrarolunmaz sənət əsəri olan bu saray bir əsrdən çoxdur ki, şəhər sakinlərini və paytaxtın qonaqlarını valeh etməkdədir.
 
Səadət sarayından bir az aralıda - İstiqlaliyyət küçəsində Elmlər Akademiyasının Rəyasət heyətinin yerləşdiyi möhtəşəm bina ucalır. Köhnə adı "İsmailiyyə" olan bu binanın tarixi Bakı milyonçusu Musa Nağıyevin adı ilə bağlıdır. O, memarlıq incisinə çevrilmiş həmin binanı gənc yaşlarında vəfat etmiş oğlu İsmayılın xatirəsinə tikdirib.
 
Bakını gəzərkən yolunuz Nizami küçəsindən düşərsə, diqqətinizi daha bir əzəmətli bina cəlb edəcək. Bu, Opera Teatrının binasıdır. 1910-cu ildə Bakı milyonçusu Mayılovun sərmayəsi ilə məşhur memar Bayevin layihələsi əsasında tikintisinə başlanan bina cəmi on ay ərzində başa gəlib. O vaxt bu bina camaat arasında Mayılov Teatrı kimi tanınıb. Ölkəmizdə ən böyük musiqi teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu yaraşıqlı binada fəaliyyət göstərir.
 
Özünəməxsus tarixi siması ilə yanaşı bu gün Bakı eyni zamanda müasir, Avropa standartlarına cavab verən əzəmətli tikililəri ilə də seçilir. Ötən əsrin görkəmli tikililərindən biri şəhərin mərkəzi küçələrinin birində yerləşən, daim qonaq-qaralı Heydər Əliyev Saraydır. Mühüm beynəlxalq əhəmiyyətli, respublika miqyaslı, dövlət səviyyəli tədbirlərə ev sahibliyi edən bu saray öz əzəməti ilə diqqəti uzaqdan cəlb edir. 
Müasir Bakının daha bir möhtəşəm tikilisi, Dağıstü Parkın yaxınlığındakı Gülüstan Sarayıdır. Sarayın layihə müəllifləri Bakının relyefini, amfiteatra bənzərliyini nəzərə alaraq onun uzaq məsafədən görünüşünə də xüsusi diqqət yetiriblər. Bakı şəhərinin ən maraqlı, əyləncəli, zövq oxşayan istirahət məkanları sırasında birinci yeri, şübhəsiz, Xəzərin Bakı buxtasında salınan dənizkənarı bulvar – Milli Park tutur. Yüz ildən artıq yaşı olan dənizkənarı park bu gün ərazisinə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yeri tutur. Son illər Dənizkənarı Milli Park yenidən qurulub, ərazisi xeyli genişləndirilib və bu iş davam etməkdədir.
 
 
Dənizkənarı Milli parkda yerləşən, Avropa standartları ilə inşa edilən  Beynəlxalq Muğam Mərkəzi paytaxtın mənzərəsinə xüsusi gözəllik verir. Üçmərtəbəli bina formasına görə Azərbaycanın qədim musiqi alətləri olan tarı xatırladır. Mərkəzdə 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası da fəaliyyət göstərir. 
 
Bu siyahıya yeni-yeni möhtəşəm və bənzərsiz tikililər əlavə olunmaqdadır. Dünyaca məşhur memarların layihələndirdiyi Heydər Əliyev mərkəzi, Bakının müasir rəmzinə çevrilmiş “Alov qüllələri” (Baku Flame Towers) və başqaları şəhərimizin müasir memarlıq nümunələrindəndir. 
 
Bakının gəzməli-görməli, qədim tarixə malik, yaxud möhtəşəmliyi ilə seçilən müasir binaları bunlarla bitmir. Şirvanşahlar sarayı, Qız qalası, Filarmoniya binası, daha  neçə-neçə memarlıq inciləri qonaqların diqqətini özünə cəlb edir. Qalaların üzük qaşı kimi dövrəyə aldığı İçərişəhər paytaxtımızın simvoludur, şəhər içində bir şəhərdir.