Görkəmli şəxsiyyətlər

Nuru Paşa

Nuru Paşa və ya Nuru Killigil 1890-cı ildə İstanbulda anadan olub. İstanbulda böyüyüb və orada ilk hərbi təhsilini alıb. İlkin təhsilini başa vurduqdan sonra əmisi Xəlil paşanın və qardaşı Ənvər paşanın yolunu davam etdirib və 1906-cı ildə Quru qoşunları məktəbinə daxil olub. 1909-cu ildə bu məktəbi başa vuran Nuru paşa Osmanlı ordusu sıralarında zabit kimi xidmətə başlayıb. Mövcud olan məlumata görə, Nuru paşa 1911-ci ildə Hərbi Akademiyada da təhsilini başa çatdırıb. Bundan sonra o, bir sıra hərbi vəzifələrdə xidmət edib. 1913-cü ildə yüzbaşı, 1916-cı ildə minbaşı və 1918-ci ildə, Azərbaycana gəlməsi ərəfəsində yarbay rütbəsi alıb. Nuru paşa bu rütbədə də həyatını başa vurub.

 

Nuru paşa real olaraq "paşa" (general) rütbəsinə malik olmayıb. Qafqaz İslam Ordusu komandanı təyin ediləndə o, yarbay rütbəsində idi. Lakin ölkə xaricində çox böyük sayda hərbi qüvvələrə və daha yüksək rütbəli zabitlərə komandanlıq etməli olduğu üçün ona Osmanlı sultanının qərarı ilə Azərbaycanda olduğu müddətdə (Qafqaz İslam Ordusunun komandanı olması ilə əlaqədar) fəxri olaraq “feriq” (general-leytenant) rütbəsi verildi. Azərbaycanda olduğu zaman Nuru paşa bu rütbəni daşımalı və bu rütbənin səlahiyyətlərinə malik olmalı idi. Azərbaycanda xidməti vəzifə icra edən digər türk zabitlərinə də müvəqqəti olaraq bir üst rütbə daşımaq səlahiyyəti verilmişdi. Nuru paşa Türkiyəyə geri döndükdən sonra feriq rütbəsini təhvil verdi və bir müddətdən sonra yarbay rütbəsində təqaüdə çıxdı. Lakin Azərbaycanda göstərdiyi çox dəyərli xidmətlərinə görə Nuru paşaya həm Azərbaycanda, həm də Türkiyədə "paşa" deyə müraciət etmişdilər. Elə bu gün də Nuru paşa həm Azərbaycanda, həm də Türkiyədə paşa kimi xatırlanır və elə bu ad altında da ortaq tariximizin səhifələrində əbədilik həkk olunmuşdur.

 

Nuru paşa kifayət qədər cəsarətli bir döyüşçü idi və məsuliyyətli vəzifələrin icrasını öz üzərinə götürməkdən heç zaman çəkinməzdi. Birinci Dünya müharibəsi ərəfəsində Nuru paşanın qardaşı Ənvər paşa Türkiyənin hərbi naziri idi. Özü isə sultan qvardiyasında xidmət edirdi. Yəni, qayğısız xidmət etmək üçün əlində böyük imkanlar var idi. Amma hələ Birinci Dünya müharibəsi ərəfəsində Afrikanın şimalında Osmanlı nəzarəti altında olan ərazilərin itirilməsi təhlükəsi yarananda Nuru paşa Osmanlı sultanından xahiş etdi ki, onun Şimali Afrikaya yollanmasına və orada Osmanlı maraqlarının silah gücünə qorunmasında iştirak etməsinə icazə versin. Bunun nəticəsi idi ki, Nuru paşa 1911-12-ci illərdə və bir də Birinci Dünya müharibəsi illərində Trablusqərb cəbhəsində ağır döyüşlərə qatıldı və elə bu döyüşlərdə də Qafqaz İslam Ordusuna uğurlu komandanlıq üçün dəyərli hərbi təcrübəni əldə etdi. O, Liviya ərazisində cəbhə komandanı idi və burada Türkiyəyə və onun müttəfiqlərinə qarşı cəbhə tutan qüvvələrlə aparılan döyüşlərə rəhbərlik edirdi. Bu cəbhədə göstərdiyi igidliklərə görə, Nuru paşa minbaşı rütbəsinə, 1916-cı ildə "Altun ləyaqət" medalına, habelə Almaniyanın "Dəmir xaç" medalına, 1917-ci ildə isə "Altun imtiyaz" medalına, habelə Avstriya-Macarıstan dövlətinin üçüncü dərəcəli fərqlənmə nişanına layiq görüldü. Nuru paşa Trablusqərb cəbhəsində İtaliya qoşunlarına qarşı döyüşlərdə xüsusi qətiyyət və şücaət göstərdi. Ona görə də Trablusqərb cəbhəsində göstərdiyi şücaətə görə, Nuru paşa həm də tarixi ədəbiyyatda Trablusqərb qəhrəmanı kimi anılmaqdadır.

 

Cənubi Qafqazda cərəyan edən qanlı hadisələr Osmanlı rəhbərliyi tərəfindən də çox narahatçılıqla izlənilirdi və Azərbaycan xalqına hərbi kömək göstərilməsi üçün Ənvər paşa konkret planlar üzərində düşünməyə başlamışdı. Onun düşüncəsinə əsasən, nəzərdə tutulmuşdu ki, Azərbaycana ilkin olaraq Osmanlı zabitləri göndərilsin və onların rəhbərliyi altında Azərbaycanın milli hərbi qüvvələri təşkilatlandırılsın. Osmanlı zabitlərinin köməyi və iştirakı ilə təşkilatlandırılacaq orduya Qafqaz İslam Ordusu adı verilməsi qərarlaşdırılmışdı. Ənvər paşa tərəfindən bu Orduya komandanlıq edəcək şəxslərin namizədliyi də müəyyənləşdirilmişdi. Onların arasında Nuru paşanın adı yox idi. Belə olanda Nağı Şeyxzamanlı dərhal Ənvər paşa qarşısında Qafqaz İslam Ordusunun komandanı vəzifəsinə qardaşı Nuru paşanın namizədliyinin baxılmasının mümkünlüyü barəsində xahiş qaldırdı. Ənvər paşa da bu xahişə müsbət cavab verdi və Nuru paşanı Qafqaz İslam Ordusu komandanı təyin etdi. Bundan sonra Nuru paşa ilə Azərbaycana yollanmalı olacaq heyətin toplanmasına başlandı və bu heyət 1918-ci il mart ayının ikinci yarısında İstanbuldan Azərbaycana doğru hərəkətə başladı.

 

 

Nuru paşa təxminən 20 nəfərlik bir heyətlə Mosul-Təbriz-Naxçıvan-Qarabağ-Yevlax marşrutu ilə hərəkət edib, 1918-ci il may ayının 24-də Yevlaxa çatdı. Onun Azərbaycan torpağında ilk izdihamlı qarşılanması da Yevlaxda oldu. 

 

Nuru paşanın xatirələrində yazdıqlarından aydın olur ki, hələ Yevlaxda ikən Qafqaz İslam Ordusu komandanlığı qərargahının harada yaradılması məsələsi qalxıbmış. Bu qərargahın Nuxada yerləşdirilməsi təklifi də ortada varmış. Ancaq vəziyyət götür-qoy edildikdən sonra qərargahın Gəncədə yaradılması məqsədəuyğun bilindi.

 

Nuru paşa Gəncəyə çatandan bir neçə gün sonra Bakı Soveti tərəfindən təşkilatlandırılmış çox böyük sayda bolşevik və daşnak qoşunları Gəncəyə doğru hücuma başladılar. Onlar qısa bir zaman içində Gəncəni və bütün Azərbaycan ərazisini nəzarət altına götürərək Azərbaycanın milli qüvvələrini məhv etmək niyyətində idilər. Belə bir şəraitdə Azərbaycanda güclü ordunun təşkilatlandırılması üçün lazım olan kifayət qədər vaxt yox idi. Ona görə də Gəncəyə çatandan bir neçə gün sonra Nuru paşa Türkiyə rəhbərliyinə məktub göndərərək qarşıya qoyulan vəzifələrin həlli üçün Azərbaycana təcili hərbi qüvvələrin göndərilməsini xahiş etdi. 1918-ci il iyun ayının 4-də Batumda müstəqil Azərbaycan dövləti ilə Türkiyə dövləti arasında imzalanan müqavilə Azərbaycana hərbi qüvvələrin göndərilməsi üçün hüquqi baza yaratdı və dərhal bu imkandan istifadə edildi. Əvvəlcə 5-ci Qafqaz diviziyasına aid olan 9-cu Qafqaz alayı ilə 2-ci süvari alayı Azərbaycana doğru hərəkət etdilər. 1918-ci il iyun ayının 7-də 9-cu Qafqaz alayı Qazaxa çatdı. İyunun 9-da isə bu qüvvələrin Gəncədə qarşılanması oldu.

 

Göyçayı, Salyanı, Ağsunu, Kürdəmiri, Şamaxını düşmən qüvvələrdən təmizləyən Qafqaz İslam Ordusu çoxlu şəhid verərək, 8 min osmanlı əsgəri və 6 min Azərbaycan qüvvəsi ilə 15 sentyabrda Bakını erməni və ruslardan azad etdi.

 

 

Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər. 

 

Qarabağda anti-Sovet xalq üsyanının yatırılmasından sonra Türkiyəyə qayıtmalı olan Nuru paşanın sonrakı həyatı Türkiyə ilə bağlıdır. Öz doğma vətəninə qayıtması ilə Nuru paşa yeni sınaqlarla üzləşməli oldu. Hər şeydən əvvəl Sovet Rusiyasının bolşevik rəhbərliyi Azərbaycanda bolşevik hakimiyyətinə qarşı qətiyyətli mübarizə aparan Nuru paşanın təqibini Türkiyə ərazisində də davam etdirdi. Sovet Rusiyanın rəhbərliyi ilə Türkiyənin müxtəlif səviyyəli heyətləri arasında aparılan danışıqlar zamanı Nuru paşanın Qarabağda sovet hakimiyyətinə qarşı mübarizə aparması ciddi tənqidlə qarşılandı və Türkiyə milli mücadiləsinin fəalları qarşısında onun nəzarət altına alınması məsələsi qaldırıldı. Buna baxmayaraq, Türkiyə ərazisində Nuru paşa həbs edilmədi, lakin onun bolşevizmə qarşı cəbhə tutması təqdir də olunmadı.

 

Qarabağda qarşısına qoyduğu məqsədə çata bilməməsi, Nuru paşanın mənəvi və fiziki gərginliyini daha da artırdı. Bunlar Nuru paşanın bütün durumunda da özünü göstərməyə başladı. Bir tərəfdən də dolanışıq çətinliklərinin mövcudluğu Nuru paşanın həyatında ağrılı səhifələrdən birini açdı. Yeni şəraitdə Nuru paşanın ailə üzvləri də pərən-pərən düşmüşdü. Qardaşı Ənvər paşa ingilis təqiblərindən qaçaraq Rusiyaya sığınmış, anası Aişə İstanbulda tək qalmış, digər qardaşı Kamil və bacısı Mediha da yeni şəraitin çətinlikləri ilə üzbəüz qalmışdılar.

 

1920-ci il sentyabr ayının sonlarında Nuru paşa Türkiyənin azadlıq mübarizəsinə qoşuldu və Sarıqamış ətrafında döyülərə qatıldı. Nuru paşa bu döyüşə onunla birlikdə Türkiyə ərazisinə keçmiş Azərbaycan milli süvari alayı ilə daxil oldu və bir daha Azərbaycana bağlılığını nümayiş etdirdi. Onun qatıldığı döyüş də uğurlu oldu və Azərbaycan süvari alayı 1920-ci il sentyabr ayının sonlarında Sarıqamışı ələ keçirdi. 1920-ci ilin oktyabrında Nuru paşa Azərbaycan süvari alayı ilə artıq Ərzurumda idi.

 

1921-ci ilin əvvəllərindən Nuru paşa öz biznesini qurmağa çalışır. O özünün emalatxanalarını qurmaqla silahların, hərbi təchizatın təmiri ilə məşğul olurdu.

 

1921-ci ilin əvvəllərindən başlayaraq Ənvər paşanın ailəsinə və yaxınlarına qarşı təzyiqlər bir qədər də artdı. Çünki 1921-ci il mart ayının 12-də Türkiyə Böyük Millət Məclisi Nuru paşanın və Ənvər paşanın Anadoluya gəlməsini qadağan edən qərar qəbul etdi. Ona görə Ənvər paşanın yaxınlarına qarşı da müəyyən sıxıntılar möcud idi. Ənvər paşanın yaxınlarından bəziləri Avropaya köçmüşdülər.

 

1921-ci ilin avqust ayında Nuru paşa Ankaraya gələndə səhhətində problemlər var idi.Ənvər paşanın yazışmalarından aydın olur ki, bir müddət sonra Nuru paşanın səhhətinin yaxşılaşmışdır. Amma görünür Nuru paşanın xəstəliyi ciddi idi və Berlində olarkən səhhətinin müalicəsi ilə də məşğul olmuşdu. Onun Berlinə gəlməsi 1922-ci ilin ilk aylarına təsadüf edir. Nuru paşanın Berlinə gəlməsinin nə ilə bağlı olduğunu söyləmək çətindir. Çünki Nuru paşa xəstəliyini müalicə edəndən dərhal sonra heç də Türkiyəyə qayıtmadı və bir də 1923-cü ildə Türkiyəyə döndü.

 

1949-cu il mart ayının 2-də Nuru paşa sahibi olduğu Sütlücə hərbi fabrikində baş vermiş partlayış nəticəsində həlak oldu. Partlayış kapsulların saxlandığı otaqda texniki normalara əməl edilməməsi nəticəsində baş vermişdi.