Bu maraqlıdır!

Meksikanın gəzməli yerləri

Meksika səyahəti sevənlər üçün olduqca maraqlı bir ölkədir. Bura özünün təbii, əsrarəngiz mənzərələri, qədim abidələri, çayları, meşələri ilə hər kəsi heyran edir. Meksika orada yaşayan qədim tayfaların həyat tərzi, məşğuliyyəti, mədəniyyəti haqqında oxumaq və geniş bilgiyə malik olmaq istəyən səyahətçilərə çox şeylər vəd edir.

 

Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlar:

 

Tula de Ayende

 

Bu balaca və sakit şəhər min il bundan əvvəl Mərkəzi Amerikanın ən böyük yaşayış məskəni hesab olunurdu. Bu gün Tulaya gələnlərin həyatı arxeologiya ilə sıx bağlıdır. Həftənin hər günü minlərlə insan Atlantların daş heykəllərinə baxmaq üçün Tulanı ziyarət edir. Buraya gələrkən Tulanın arxeoloji məkanlarını – insan ətilə qidalanan ilanların oyma fiqurlarını ziyarət etməyi nəzərdən qaçırmayın. Arxeoloji qazıntılar zamanı tapılan əşyalara muzeydə baxmağı unutmayın. Bu ərazinin maraqlı cəhəti Tlalok kimi ilahi qüvvələrin yaranışından xəbər verən barelyeflərlə örtülmüş divarlar, vestibüllər, səkilər və qurbangahlardır.

 

Palenke arxeoloji zonası

 

Palenke deyəndə insanın ağlına Maya mədəniyyətinin hələ də Meksikanın Cənubunda görə biləcəyimiz müxtəlif izləri gəlir. Palenke şəhərindən 8 km aralıda yerləşən Palenke arxeoloji zonası bütün dövrlərdə Maya mədəniyyətinin ən vacib mərasim mərkəzi hesab olunurdu. Ən möhtəşəm abidələrinə gəlincə, öz qülləsilə seçilən El Palasio, Sol meydanında yerləşən Templo del Sol və Yazılar məbədidir. Əgər yolunuzun üstündə baldan hazırlanmış hər hansı bir məhsul görsəniz mütləq dadına baxın, çünki ən yaxşı arıçılar Meksikanın cənubundadır.

 

 

Tekila şəhəri

 

Bu möcüzəli şəhəri mütləq ziyarət edin. Onun sirli təbiət mənzərələri və zəngin mədəniyyəti təbiətsevərlər və tarixi bilmək istəyənlər üçün münasib yerdir. Bura, həmçinin Meksikanın ən tanınmış içkisi - tekilanın vətənidir. Bundan başqa şəhər Tekila vulkanın və Rio Qrande çayının yaxınlığında yerləşir. Aqavadan salınmış nəhəng tarlalar UNESCO tərəfindən dünyanın qeyri maddi mədəni irsi kimi qəbul edilib. Siz buraya səfəriniz zamanı əvvəlcə Tekila Milli Muzeyini, sonra Santiaqo Apostol kilsəsini ziyarət edər, açıq havada göstərilən tamaşalara baxar, tekila hazırlayan müəssisədə olar, yaxud da aqava tarlalarını seyr edə bilərsiniz.

 

Fundidora parkı

 

Meksikanın Monterrey şəhərində yerləşən Fundidora parkı da gözəldir. Bura Sənaye Arxeologiyası Muzeyi, idman və əyləncə meydançaları, yaşıllıqları ilə dolu geniş bir ərazidə yerləşir. Park ziyarətçilərə yaxşı istirahət vəd edir. Turistlərin parkda sevimli məşğuliyyəti istirahət mərkəzlərində vaxtlarını səmərəli keçirməkdir. Bura gələn turistlər mütləq Mum Fiqurlar Muzeyi, buz meydançası və incəsənət mərkəzi ilə tanış olmalı, “CONARTE” kinoteatrında bir film izləməli, uşaqlar üçün Papalote muzeyinə, sonra isə Polad muzeyinə baş çəkməli, parkdakı idman mərkəzlərində məşq etməlidir. Bir sözlə, turistlər ən azından parkı sadəcə dolaşmaqla günləri maraqlı keçirəcəklərinə əmin ola bilərlər.

 

Müqəddəs Mariposa Monarka Biosfer Qoruğu

 

Monarx Kəpənəyi ibadətgahı təbiətin dörd gözəlliyindən biri kimi UNESCO tərəfindən dünya irsi qəbul olunub. Miçoakanda yerləşən bu qoruqda turistlər kəpənəkləri yalnız bir neçə yerdən - Sierra Çinkua Mədəniyyət Mərkəzi, El Rosario və Senqio turistik dayanacaqlarından seyr edə bilərlər. Qoruğun ərazisindəki ziyarətgahlardan ən böyüyü El Rosario turistik dayanacağıdır. Bura ən çox ziyarət olunan və ölkədəki Monarx kəpənəklərinin ən çox cəmləşdiyi (ölkədəki kəpənəklərin 40 faizi) yerdir. İl ərzində bu həşəratlardan ən azı 20 milyonu buraya yığışır. Bu inanılmaz turla tanış olmaq çox maraqlıdır. Fevral və mart Miçoakan ziyarətgahları üçün ən yaxşı aylar hesab olunur, çünki hərarət artdıqca Monarx kəpənəkləri ağacların aşağı hissəsində uçuşur və mənzərə daha təsirli olur.

 

Teotihuakan

 

Mexiko şəhərindən cəmi bir neçə kilometr aralıda yerləşən Teotihuakan ölkənin ən çox ziyarət olunan arxeoloji kompleksidir. 264 hektar ərazidə yerləşən və ictimaiyyət üçün açıq olan bu məkanda La Siudadela və Templo de la Serpiente Emplumada ibadətgahı, həmçinin Kalzada de los Muertos və onu əhatə edən Günəş və Ay piramidaları, Quetzalpapalotl Sarayı və 4 idarəetmə məntəqələri yerləşir. Arxeoloji zonada, həmçinin iki muzey - Teotihuakan mədəniyyət muzeyi və “Beatriz de la Fuente” adlı Divarüstü Rəsmlər Muzeyi yerləşir. Burada yerli bitkilərlə əhatə olunmuş botanika bağı da var. Ərazidə nümayiş olunan eksponatlara toxunmaq olmaz!

 

Malekon

 

Puerto Vayarta şəhəri sahilində yerləşən Malekon sahilboyu 1,5 km uzunluğunda olan geniş bulvardır. Bura şəhər sakinlərinin tez-tez görüşdüyü yerdir. Puerto Vayarta şəhərinin, ümumiyyətlə Meksikanın necə bir ölkə olduğunu anlamaq üçün ən asan və sürətli yol məhz Malekondan keçir. Müxtəlif rənglər, səslər, bihuşedici ətirlər insanı valeh edir və sən hər şeyi unudub saatlarla piyada gəzir, səhər yeməyindən, nahardan və şam yeməyindən zövq alırsan. Burda şəkil çəkdirirsən yaxud da xatirə suvenirləri alırsan. Vaxt o qədər əyləncəli keçir ki, axşamın nə vaxt düşdüyünün fərqində olmursan. Puerto Vayartada restoranlardan tutmuş, açıq havada təşkil olunan şoulara qədər axtardığınız istənilən şeyi Malekonda görə bilərsiniz.

 

 

Kuernavaka kilsəsi

 

Yeni İspaniyanın ən qədim abidələrindən biri sayılan və dörd əsr yarım yaşı olan Kuernavaka kilsəsi 30 illik bərpa işləri nəticəsində şəhərin ən əsas turistik məkanlarından birinə çevrilib. Barroko üslubunda sıx hörülmüş daşlardan tikilən kilsə 1994-cü ildə UNESCO tərəfindən dünya irsi elan edilib. Kuernavaka kilsəsi yalnız memarlıq abidəsi sayılmır, eyni zamanda, incəsənət əsərlərinin saxlanc yeridir.

 

Xoçikalko arxeoloji zonası

 

Qədim Maya və Teotihuakana mədəniyyətini özündə qoruyub saxlayan Xoçikalko arxeoloji zonası ilə tanış olmaq olduqca maraqlıdır. Ərazisində observatoriya və ekoloji muzeyi olan Xoçikalko Maya şəhərlərinin və Teotihuakana sivilizasiyasının süqutundan sonra vaxtilə Cənubi Amerikada geniş yayılmış yaşayış məskənlərindən biri sayılır. Burada ən əhəmiyyətli tikililər Plaza de la Estela de los Dos Qlifos və Xoçikalkonun ən böyük top meydançasıdır. Yaxınlıqda müasir dizaynla tikilmiş muzey də vardır. 6 ekspozisiya zalı olan muzeydə ərazidə tapılmış eksponatlar nümayiş olunur. Bundan əlavə, burada müxtəlif fəaliyyət növləri, əl işlərinin hazırlanması kursları və tamaşalar təşkil olunur. Ərazi təpədə yerləşdiyindən turistlərə möhtəşəm təbiət mənzərəsi vəd edir.

 

El Eden mədəni

 

XV əsrə aid olan bu möhtəşəm mədəndə ziyarətçilər yüzlərlə mədənçilərin zəhməti hesabına başa gələn nəhəng çatlara, zaman keçdikcə su altında qalan tunellərə, keçidlərə, keçmişdə qiymətli daşlar çıxarmaq üçün istifadə olunan alətlərə tamaşa edə bilər. Mədənin mərkəzində dünyada tapılan müxtəlif mineral və daşlardan ibarət muzeyə də baxmaq olar. Meksikalılar sizi zəngin tarixə malik bu ovsunlayıcı məkanı ziyarət etməyə dəvət edir. Bu mədən şəhərin salınma tarixi qədər uzun bir zamana malikdir və vaxtilə gümüş məmulatları hazırlamış zakatekasların çoxəsrlik reputasiyasını nümayiş etdirir. Bu dəyərli daşların bütün xüsusiyyətlərini bilməkdən ötrü mədəndə olan qatara minib dağın dərinliklərinə səyahət etmək gərəkdir.