Şeirlər

Mirvari Dilbazi. Evimizə gəlin gəlir

Evimizə gəlin gəlir,
Sığallayıb telin gəlir,
Görüşünə elin gəlir,
Çıraqları gur yandıraq.
Aşıqlar çalsın sazları,
Rəqs eləsin el qızları,
Qoy dolansın təzə ayın,
Başına yer ulduzları.

 

 


Evə sevinc, fərəh gəlir,
Çəmənlərdən çiçək gəlir,
Bir işıqlı ürək gəlir,
Məşəlləri odlandıraq.
Sağ əli qızlar başına,
İncilər, nazlar başına.
Oxşayır tovuz quşuna,
Evləri işıqlandıraq.

 


İki qonçə cavan gəlir,
Gül yanında reyhan gəlir,
Şümşadboylu oğlan gəlir,
Bu oğlanı şadlandıraq.
Bəzəyib şamlar əlini,
Asta gətir bəy gəlini,
Azərbaycan gözəlini
Nurlu çıraq adlandıraq.