Odlar Yurdu

Azərbaycanın ən qədim dövləti - Manna

Tarixi Azərbaycan torpaqlarında şimalda Baş Qafqaz dağlarından, cənubda Zəncan və Həmədana, çərqdə Xəzər dənizindən qərbdə Göyçə gölü hövzəsi də daxil olmaqla Şərqi Anadoluya qədər əraziləri əhatə edir. 


Ən qədim zamanlarda Azərbaycan ərazisində yaşayan tayfalar qonşu tayfaların aramsız hücumlarına məruz qalırdılar. Zaman keçdikcə tayfalar birləşir, tayfa birlikləri yaranırdı. Bu müxtəlif yollarla baş veriridi. Bəzən güclü tayfalar daha zəif tayfaları tabe edir, bəzən isə düşmən hücumlarından qorunmaq üçün bir neçə qohum tayfa birləşirdi. Tayfaların birləşməsi ilə onların idarəetmə forması dəyişdi. Çünki bu birliklər indi daha çox insanı əhatə edirdi. Ona görə də tayfa birliyinin idarə olunması olunması üçün qaydalar yaradıldı. Yeni yaradılmış qaydalar hələ mükəmməl deyildi. Ona görə də tayfa birliklərinin yaratdığı dövlət yox, ilk dövlət qurumu adlandırırdılar. Azərbaycan ərazisində ilk dövlət qurumları təxminən 5000 il bundan əvvəl yaranmışdır. Dövlət qurumları Azərbaycan ərazisində xeyli müddət mövcud oldu. Bu müddət ərazində dövlət qurumlarının idarə olunması qaydaları getdikcə təkmilləşdi. Dövlətin meydana gəlməsi üçün zəmin yarandı. Beləliklə, təxminən eramızdan əvvəl IX-cu əsrdə Urmiya gölü ətrafında Manna adlı dövlət yarandı. Manna Azərbaycanın ən qədim dövlətidir. 


Manna dövlətinin adı o zaman ölkəmizdə yaşayan ən güclü tayfanın adı ilə bağlı idi. Manna dövlətinin paytaxtı İzirtu şəhəri idi. Ona gözəlliyinə və möhtəşəmliyinə görə “padşah şəhəri” deyirdilər. 


Mannanın ən qüdrətli hökmdarı İranzu olmuşdur. O, çox müdrik və uzaqgörən hökmdar idi. Bu zaman artıq qonşuluqda da dövlətlər yaranmışdı. Bu dövlətlər Mannanın torpaqlarına göz dikir, fürsət düşən kimi onun ərazilərini tuturdu. İranzu qonşu dövlətlər tərəfindən işğal olunmuş torpaqları geri qaytarmağın yollarını axtarırdı. Ölkəsinin ərazi bütövlüyünü qorumaq və əhalisinin təhlükəsizliyini təmin etmək üçün İranzu vilayətləri birləşdirdi. Mərkəzi hakimiyyəti möhkəmləndirməklə dövlətin gücünü daha da artırdı. Bu yolla o, ölkəsinin işğal olunmuş torpaqlarını azad etdi. Qaçqın mannalıları geri qaytardı.


İranzunun padşahlıq etdiyi zamanlar Mannanın çiçəklənmə dövrü idi. Manna öz dövrünün ən güclü dövlətlərindən birinə çevrilmişdir. Vilayət canişinlərinin və şəhər hakimlərinin özbaşnalığına son qoyulmuşdu. Vergilərin yığılması qaydaya salınmışdı. 


Manna əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və sənətkarlıq idi. İranzunun göstərişi ilə quraqlıq və qıtlıq illərində dövlətə məxsus taxıl anbarlarından əhaliyə taxıl paylanırdı. Manna ticarət yollarının üzərində yerləşdiyinə görə burada çoxlu şəhərlər meydana gəlmişdi. Mannaya qonşu ölkələrdən tacirlər gəlirdi. Şəhərlərin əksəriyyəti hər tərəfdən müdafiə divarları ilə əhatə olunmuşdu. Bu cür şəhərlər qala şəhərlər adlanırdı. Şəhərlərdə sənətkarlıq və ticarət yüksək inkişaf etmişdi. 


Yüksək mədəniyyətə malik olan mannalılar yazı ilə tanış idilər. Manna ərazisi sərvətlərlə zəngin idi. Ona görə də qonşu dövlətlər bura hücum edirdilər. Lakin mannalılar öz vətənləri və onun müstəqilliyi uğrunda mübarizə aparırdılar. Düşmənlər məqsədlərinə nail olmaq üçün ölkəni daxildən zəifltəməyə çalışırdılar. Mərkəzi hakimiyyətə tabe olmaq istəməyən vilayət hakimlərini üsyanlara təhrik edirdilər. Bu isə dövlətin zəifləməsinə, onun müdafiəsinin çətinləşməsinə səbəb olurdu. Nəticədə üç əsrə yaxın mövcud olmuş Manna dövləti tədricən zəiflədi və süqut etdi.