Təbiət

Qırmızıdimdik balıqcıl

Qırmızıdimdik balıqcıl (lat. Halcyon smyrnensis) — göyçəqarğakimilər dəstəsinə aid, Asiyada geniş yayılmış quş növüdür. Türkiyə və Hindistandan başlayaraq, Filippin adalarına qədər ərazilərdə rast gəlinir. Əsasən su hövzələrinin sahillərində məskunlaşır. Təsadüfi rast gəlinən quş kimi Lənkəran yaxınlığında 2 dəfə tutulmuşdur. 


Uzunluğu 26-39 sm-ə çatır. Kürəyi, quyruğu və qanadları açıq mavi rəngdədir. Qanadlarıın yan hissəsi, başı və aşağı qarın nahiyəsi qonur, boğaz və sinəsi ağ rəngdədir. Dimdiyi və ayaqları mərcan qırmızıdır.


Qırmızıdimdik balıqcıl digər göyçəqarğakimilər kimi suya möhkəm bağlı deyil. Quru landşaftlarda, palma bağlarında, parklarda və bəzən meşə ərazisində yuva qurur, lakin suya yaxın ərazilərdə daha çox rast gəlinir. Yuva üçün uzunluğu 50 sm-ə qədər olan çuxurlar qazır. 4-7 ədəd yumurta qoyur.


Qida rasionunu böyük böcəklər, gəmiricilər, ilbizlər, balıqlar, qurbağalar və xırda quşlar təşkil edir.


Dörd alt növü məlumdur:

H.s. Smyrnensis

Türkiyənin İzmir və Misirin Qahirə şəhərlərindən Xəzər dənizinin cənubuna kimi olan ərazilərdə, Fars körfəzinin şimalında, Pakistan, Əfqanıstan və Hindistanın şimal-qərbində yayılmışdır. Bu növ Azərbaycanda qeydə alınmışdır.

Xarici görünüşü: boğazaltı və sinəsi ağ rəngdədir.


H.s. Fuska

Hindistan və Şri-Lankadan Tayvan və Haynan adasına, Hind-Çin, Malakka yarımadaları və Sumatra adası ərazilərində yayılmışdır.

Xarici görünüşü: bir qədər tünd rəngdədir, mavisi bir qədər yaşıl rəngə çalır.


H.s. saturatior

Andaman Adalarında geniş yayılmışdır.

Xarici görünüşü: tünd qəhvəyi rəngdədir.


H.s. gularis

Filippində rast gəlinir.

Xarici görünüşü: fuskada olduğu kimi ancaq çənəsi və boğazı ağ rəngdədir, qanadları isə daha tünddür.