Emin Sabitoğlu
Onun yazdığı mahnıların adını çəkmək bəs edir ki, söhbətin kimdən getdiyi aydın olsun: “Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir”, “Payız gəldi”, “Kəpənək”... Amma təkcə bunlarmı? Bir simfoniya, üç simfonik poema, üç kantata, simli kvartet, skripka və fortepiano üçün poema... Bəs bəstəkarın musiqi çeşməsindən süzülən kino və komediyalar üçün yazdığı musiqilər?
Əslində, bunlar da onun yaradıcılığının hamısı deyil...
Bir payız axşamı görkəmli dramaturq Sabit Rəhmanın ailəsində dünyaya göz açan Emin sonralar məşhur mahnılarından birində söylədiyi kimi, “haradan gəlib hayana gedəcəyini” çox gözəl bilirdi. Belə olmasaydı, Üzeyir Hacıbəyli adına Azərbaycan Konservatoriyasının nəzdindəki orta musiqi məktəbində (indiki Bülbül adına məktəbdə) təhsil almazdı, 1954-cü ildə Konservatoriyada, Qara Qarayevin sinfinə daxil olmazdı, 1957-1961-ci illərdə təhsilini P.Çaykovski adına Moskva Dövlət Konservatoriyasında davam etdirməzdi.
1961-ci ildə "Azərbaycanfilm" kinostudiyasında musiqi redaktoru vəzifəsində çalışıb. Sonrakı illərdə Dövlət Filarmoniyasında bədii rəhbər,Üzeyir Hacıbəyov adına Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) müəllim işləyib.Bəstəkar 1 simfoniya, 3 simfonik poema, 3 kantata, simli kvartet, skripka və fortepiano üçün poema yazıb. Lakin bir neçə musiqi janrı onun yaradıcılığının əsasını, müəyyənedici hissəsini təşkil edir.
O, 600-dən artıq mahnı, 9 musiqili komediya, 40-a yaxın filmə musiqi bəstələyib. "Şükriyyə", "Bakı, sabahın xeyir", "Uzaq yaşıl ada", "Payız gəldi", "Aman ayrılıq" mahnıları çoxsaylı əsərlərindən bəziləridir.Tamaşalara yazdığı musiqilərsə o qədər çoxdur ki, sayını heç bəstəkarın özü də doğru-dürüst bilmirdi. Paytaxt teatrları ilə yanaşı Sumqayıt, Gəncə, Lənkəran, Mingəçevir, Naxçıvan teatrlarının tamaşalarına musiqi bəstələyib.Bəstəkar 2000-ci ildə vəfat etməsinə baxmayaraq,hələ də əsərləri ilə yaddaşlarda qalıb.
Yazıçı Sabit Rəhmanın və İsmət xanım İrəvanskinin oğludur. Musiqişünas Ceyran Mahmudovanın atasıdır. Müğənni Xədicə Abbasovanın həyat yoldaşıdır.
Ötən yüzillikdə Azərbaycan musiqisi tarixində layiqli iz qoyub getmiş Emin Sabit oğlu Mahmudov milli bəstəkarlıq məktəbinin layiqli nümayəndələrindən biridir. Xalq artisti, Dövlət mükafatı laureatı, “Şöhrət” ordenli bəstəkarın kino və tamaşalarda səslənən musiqiləri dillər əzbəridir, ayrı-ayrı müğənnilərin repertuarında geniş yer tutur. Onun filmlərə yazdığı musiqilər yüksək mədəniyyət, zəngin dünyagörüşü və yaradıcı intellektin məhsuludur. Elə bunun nəticəsində də bədii əsərlərin təcəssümü olan zamanın ruhunu çox dəqiqliklə hiss etdirir, hadisələrin məğzini açır. Emin Sabitoğlu musiqisi emosional ekran poeziyası kimi baxımlıdır. Bəstəkarın kino musiqisi tamaşaçını filmlərdəki hadisələrə daha çox ürəkdən təmas etməyə, daxilən obrazlarla ünsiyyət qurmağa təkan verir, hətta film bitdikdən sonra da tamaşaçını özünün emosional təsirində saxlayır. Bəstəkar tanınmış rejissorlardan - Həsən Seyidbəyli, Şamil Mahmudbəyov, Arif Babayev, Tofiq Tağızadə, Rasim Ocaqov və Vaqif Mustafayevlə əməkdaşlıq edib, onların çəkdikləri filmlərə yaddaqalan musiqi bəstələyib.
Bir də “Dədə Qorqud”da, “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ndə, “Evləri köndələn yar”da, “Özgə ömür”də, “Ad günü”ndə, “Gün keçdi”də, “Bəyin oğurlanması”nda, “Otel otağı”nda...
03.11.2021