Yumor

Qorxulu dilənçi

Teymur Ləng Molla Nəsrəddinə əmr eləyir ki:


- Şəhər dolub dilənçi ilə. Özləri də elə üzlü, elə həyasız olublar ki, tutduqlarını buraxmırlar. Kağız-qələm götürüb lap o həyasızlarının siyahısını tutarsan, şəhərdən sürgün eləyəcəyəm.


Molla kağız-qələm götürüb, Teymurun öz adını birinci yazır, özünə verir. Teymur kağıza baxan kimi dəli olur. Molla deyir:


-Niyə hirslənirsən, qibləyi-aləm! Özün dedin ki, lap həyasız dilənçilərin adını yazıb sənə verim. Mən də yazdım da...


Teymur deyir:


-A kişi, mən boyda Teymur Ləng dilənçiyəm? Özü də lap həyasızı?


Molla deyir:


-Niyə hirslənirsən, qibləyi-aləm?! Cidanı çuvalda gizlətmək olmaz. Dilənçisən özü də lap həyasızından.


Teymur deyir:


-Demək sənin fikrincə, gərək mən şəhərdən sürgün olunam?


Molla deyir:


-Bəli qibləyi-aləm! O biri dilənçilər sənin kimi qorxulu deyillər. Onlar camaatdan yalvarıb-yaxarıb alırlar. Amma sən döyüb-söyüb alırsan.