Yumor

Səni pozaram, özümü yazaram

Yenə də günün birində Teymur Ləng Mollaya əmr eləyir ki, sarayda olan axmaqların siyahısını tutub ona versin. Molla Teymurun fikrini başa düşür. Bilir ki, o, adları axmaqlar siyahısına düşmüş əyanları ələ salıb oynatmaq, bununla da əylənmək istəyir. Molla bunu da başa düşür ki, sonra bu əyanların hamısı ona düşmən olacaqlar. Çox fikir-xəyaldan, götür-qoydan sonra böyük bir kağız götürüb başında yazır:

“Teymur sarayındakı axmaqlar”.


Varağın ortasında da iri xətlə bircə Teymurun öz adını yazıb ona verir.


Teymur axmaqlar siyahısında təkcə öz adını görcək dəli olur. Cin vurur təpəsinə. Soruşur:


-Bu nədir?


Molla deyir:


-Axmaqların siyahısıdır.


Teymur deyir:


-Demək sənin fikrincə, bu sarayda bircə axmaq var, o da mənəm?


Molla deyir:


-Bəli. Səndən axmağını tapa bilmədim.


Teymur dəli kimi qışqırıb soruşur:


-Sən nə ilə sübut eləyə bilərsən ki, mən axmağam.


Moll deyir:


-Qibləyi-aləm sağ olsun! Sən özün mənə tapşırdın ki, saraydakı axmaqların siyahısını tutum. Demək, sən özün bilirsən ki, buraya yığılan vəzir-vüzəranın, vəkil-vükəlanın hamısı da olmasada çoxu axmaqdı.

İndi ki, sən özün bunların axmaq olduqlarını bilə-bilə bu saraya yığmısan, özlərini də belə hörmət-izzətlə saxlayırsan, demək ən böyük axmaq elə sən özünsən də.. .


Teymur baxır ki, Molla yaman yerdən tutub, sözünün qabağında söz deyə bilməyəcək. Bir az fikirləşib deyir:


-Yaxşı, əgər mən sənə sübut eləsəm ki, bunların heç birisi axmaq deyil, hamısı ağıllı adamlardılar, onda necə?


Molla deyir:


-Onda elə yenə də siyahıda bircə sənin adın qalacaq.


Teymur soruşur:


-Niyə?


Molla deyir:


-Ona görə ki, axmaqların siyahısını tutmağı sən mənə əmr eləmisən. Əgər sübut olunsa ki, sarayda axmaq yoxdur, olanların hamısı ağıllıdır, onda demək əsl axmaq sənsən ki, ağıllı adamları axmaq hesab eləyirsən.


Teymur görür yenə də tutmadı. Lap dəli olur. Deyir:


-İndi mən sübut edəcəm ki, bu sarayda bircə axmaq var o da sənsən, onda?


Molla deyir:


-Yenə də siyahıda sənin adın olacaq.


Teymur soruşur:


-O niyə?


Molla deyir:


-Ona görə ki, ağıllı adam axmaqların siyahısını tutmağı axmağa tapşırmaz.


Teymur deyir:


-İndə mən cəlladı çağırdıb sənin o dilini dibindən kəsdirsəm necə?


Molla deyir:


-Onda siyahıdan sənin adını pozub öz adımı yazaram ki, bir də heç kəs axmaqlıq edib sənə sözün düzünü deməsin.