Nağıllar, hekayələr

Tənbəl

İsti yay günü Tənbəl talada uzanıb yuxuya getmişdi. Günəş yuxarı qalxdıqca şüaları daha da isti olurdu.


Tənbəl bir də o vaxt oyandı ki, istidən bütün bədəni yanır, amma durub, kölgədə uzanmağa, yerini dəyişməyə tənbəllik etdi. Günəşə dedi:

 

– Ay Günəş, istidən bişdim axı. Nə olar, bir az o tərəfə, ağacların dalına çəkil.

 

Günəş gülüb dedi:

 

– Sən deyirsən indi mən boyda Günəş bir Tənbəlin arzusu ilə yerimi dəyişim?

 

Heç elə şey olar?


Tənbəl hirslənib qışqırdı:

 

– Demək, sən çəkilmək istəmirsən, hə!

 

– İstəmirəm.

 

– Aha, belə?! Onda mən də sənin acığına yerimdən tərpənməyəcəm. Elə buradaca uzanacam.