Bu maraqlıdır!

Meksikanın ən çox ziyarət olunan məkanları

Meksika deyəndə ilk növbədə “Ölülər günü”, kalendula çiçəyi, yaxud da şokoladdan hazırlanmış kəllə sümüyü yada düşür. Sakit okeanın qumlu sahilləri, çılpaq qayaların üstündə özlərini günə verən suitilər, suyun altında “uçan” skat balıqları da Meksikanın fərqli bir təbiətə malik olduğunu düşünməyə əsas verir. Bu ölkənin möhtəşəm məkanlarından olan Milli Antropologiya Muzeyi isə sirlərlə dolu kəşf olunmamış qədim bir adanı xatırladır. AZƏRTAC Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edir.

 

Playa del Amor (Sevgi çimərliyi)

 

Sevgi çimərliyi Kabo San Lukas dənizindən çox da aralı olmayan Los Kabos mirvarisi, turistlərin ziyarət edə biləcəkləri əsl cənnət məkanıdır. Bu, Sakit okeanın girişində Mar de Kortes dəniz sularınıın yuduğu sonuncu çimərlik sayılır. Sevgi çimərliyi turistlərə öz təmiz suyunu və dəniz həyatının sirlərini - sualtı macəra, müxtəlif balıq növləri və təsəvvürə gətirə bilmədiyiniz bitkilərlə zəngin təbii akvarium təklif edir. Hər iki tərəfdə, qayaların üstündə suitilər özlərini günə verir, insana əsla zərər yetirməyən skat balıqları isə suyun altında sanki uçurlar. Playa del Amor çimərliyinə giriş yalnız dənizdən mümkündür. Su taksiləri sizi münasib qiymətə o baş - bu başa çatdıra bilər.

 

Xanitzio adası

 

Patzkuaroya gəlişinizdə “Xanitzio” adlanan gölün ortasında bu möhtəşəm adanı kəşf edəcəksiniz. Xatırladaq ki, adanın tarixinin, xalqın adət-ənənlərinin, geyiminin və dilinin qorunması sayəsində ona “Möcüzələr kəndi” adı verilmişdir. Onun ilkin adı Purepeça-Xanitzio, başqa sözlə, buğda və ya qarğıdalı çiçəyidir. Adaya çatmaq üçün Patzkuaro limanında qayığa minməli olacaqsınız. Tur təxminən 20 dəqiqə çəkir.

 

Holbox

Holbox öz cazibədarlığı ilə uşaqdan tutmuş, böyüyə qədər hamını heyran edir. Onun mülayim iqlimi, çılpaq, bəzən də daşlı-qayalı təbiəti, insanın qəlbinə rahatlıq gətirən dənizinin mavi suları günəşi və çimərliyi sevənlər üçün inanılmaz bir məkandır. Holbox adası flora və faunanın ən nadir canlıları üçün bir evdir. Aprel və oktyabr aylarında bura 400 mindən çox çəhrayı flamenko quşları köç edirlər. Adanın suları delfin və balina köpəkbalıqları üçün bir sığınacaq, bəzi yırtıcılar üçün isə yaxşı ov yeridir.

 

Milli Antropologiya Muzeyi

 

Sizi Mərkəzi Amerika mədəniyyəti, onun bu günə qədər hifz olunmuş zəngin mirası maraqlandırır? O zaman Meksikanın Milli Antropologiya Muzeyi bu ölkəyə səfəriniz zamanı ziyarət edəcəyiniz ən maraqlı və heyrətamiz məkanlardan biri ola bilər. Muzey 1964-cü il sentyabrın 17-də ölkənin aborigen keçmişini yaşatmaq məqsədilə açılıb. Burada ziyarətçilər üçün müxtəlif məşğuliyyət növləri vardır. Milli Antropologiya Muzeyinin zallarında nümayiş olunan eksponatlar zaman ardıcıllığı ilə yerləşdirilib. Keçmişə səyahət muzeyin El Paraquas (çətir) adlanan həyətindən başlayır. Çətir turistləri günəşin yandırıcı şüalarından və yağmurdan qorumaq məqsədilə qurulub. Həyətdə döyüşçü bəbir və qartalın heykəli, seiba ağacı və ispanların bu əraziləri fəth etməsini əks etdirən qılınc abidə ucalır.

 

Barranka del Kobre

 

Bu yerlərdə dağların əzəməti sizdə onun hər bir guşəsini kəşf etməyə istək yaradacaq. Zəngin florasına valeh olacaqsınız. Hər addımda şam, palıd, kaktus və qovaq ağacları ilə qarşılaşacaqsınız. Dağların arasındakı çuxurlarda çəkdirəcəyiniz fotoşəkillər sizə səyahət zamanı yaşadığınız ən gözəl xatirələri yada salacaq. Barranka del Kobre Çihuahua şəhərinin cənub-qərbində yerləşir. Siz bu gözəl yerləri iqlim çətinliklərini dəf edə bilən və bu əzəmətli dağ silsiləsinin yerli sakinləri raramurislərlə söhbət etməyi qaçırmayan bir macəraçı kimi kəşf edin.

 

Koyoakan

 

Meksikanın orta əsrlər İspaniyasının müstəmləkə torpaqları olduğunu bütün gözəlliklərilə yalnız Koyoakanda görə biləcəksiniz. Şəhərdən kifayət qədər uzaq məsafədə yerləşən bu ərazidə qədim küçələri, meydanları, alçaq evləri kəşf edəcəksiniz. Bu yerlərdə müasir göydələnlər, böyük şəhərlərdəki kimi sıxlıq yoxdur. Bu qəsəbəni ziyarət edərkən onun hər bir döngəsini, künc-bucağını gəzməyi, yerli mətbəxindən dadmaq fürsətini qaçırmayın. Meksikanın tanınmış rəssamı Frida Kalhonun ev muzeyi də burada yerləşir.

 

Pipila abidəsi

 

Quanaxuato şəhərində yerləşən bu abidə Pipilanın xatirəsinə həsr olunub. Heykəltəraş Xuan Fernando Olaquibel abidəni çəhrayı daşlardan ucaldıb. 1939-cu ildə abidənin açılışı olub. Bu ərazi ətrafı 360 dərəcədə seyr etmək üçün bir məntəqə kimi istifadə olunur və insanlara Quanaxuato şəhərinin gözəl mənzərəsini bəxş edir. Abidənin arxa tərəfindəki girişdən keçib yuxarı qalxmaq olar.

 

San Sebastian Bernal

 

Bura müxtəlif rənglərə çalan və insanda xoş ovqat yaradan möcüzəli bir şəhərdir. Siz sakit və xoş bir havada qastronomiya və yerli sənətkarların əl işlərindən zövq alaraq ailənizlə birlikdə bir həftə sonu keçirə bilərsiniz. Bu şəhərdə Keretaronun ən tanınmış, məşhur Penya de Bernal adlanan turistik məkanları mövcuddur. Xatırladaq ki, burda hava quru olduğundan özünüzlə su ehtiyatı götürməyi unutmayın.

 

Real de Katorse

 

Başqa bir möcüzələr şəhəri olan Real de Katorse San Luis Potosi ştatının mərkəzindən üç saat yarımlıq məsafədə yerləşir. Bura mədənlər və səhra mənzərələrilə tanınır. Real de Katorse deyəndə, keçmişdə gücünü nümayiş etdirmək üçün uzun bir tunel düzəldə bilən, daşdan ucaldılmış şəhəri gümüşlə bəzəyən bir xalqın yaşayış yeri yada düşür. Başqa sözlə, bu kabuslar şəhəri, vəhşi itlər və ölümünü gözləyən qocalarla dolu, vaxtilə top mərmilərinin dağıtdığı başqa bir mədəniyyət nümunəsidir.

 

Tamul şəlaləsi

 

Tamul şəlaləsi Tamasopo ərazisində yerləşir və “Damcılayan yer” mənasını verir. Bura turistlərin ən çox sevdiyi məkanlardan biridir. Bu heyrətamiz şəlalə Tamasopoda xırda çaylardan qidalanan Qayinas çayından tökülür. Şəlalədən sonra çayın adı dəyişilərək Tampaon adlanmağa başlayır. Şəlaləyə çatmaq üçün San Luis Potosi şosesi ilə getmək lazımdır. Tamul bu bölgədə olan ən böyük və möhtəşəm şəlalədir. Burda suyun dərinliyi 300 metrə çatdığından təcrübəli turistlər rahatlıqla suya kəllə vurur, hətta xüsusi geyimdə sualtı mağaraları gəzirlər. Bir az da irəlidə, çayın sürətlə axan yerində üfürülmüş qayıqda daşların arasından dəlicəsinə sivişə-sivişə ləzzətli dəqiqələr yaşayırlar. Uasteca Potosinanın gözəlliyi ondadir ki, siz burda ürəyiniz istəyən əyləncə ilə məşğul ola bilərsiniz. Ərazi 105 metr hündürlükdə yerləşdiyindən siz burada kanata minə, yaxud da sadəcə cəngəlliyin ortasında əsən mehdən həzz alaraq azadlığın dadını çıxara bilərsiniz.